CƏMİYYƏT


Kataraktanın yeganə müalicəsi cərrahi əməliyyatdır

Bakı, 20 may, AZƏRTAC

Katarakta şəffaf olan büllurun, öz şəffaflığını itirərək bulanıq görməyə səbəb olan xəstəlikdir.

Son statistik məlumatlara əsasən, Yer kürəsində bu xəstəlikdən əziyyət çəkənlərin sayı təxmini 17 milyon nəfər təşkil edir ki, bunların da əksəriyyəti 60 yaşından yuxarı olanlardır. 75 yaşda artıq 26 faiz kişilər və 46 faiz qadınlarda katarakta müşahidə edilir. 80 yaşdan yuxarı olanların isə 90 faizində bu xəstəliyə rast gəlinir. Bundan əlavə statistika onu da göstərir ki, yaşlıların 12 faizi xəstəliyin tez inkişaf edən növündən əziyyət çəkirlər. Belə xəstələrin gözləri təxmini altı ilə tam bulanıq görməyə başlayır. Xəstələrin 15 faizi isə 15 il ərzində görmə qabiliyyətindən tamamilə məhrum olurlar. Bu xəstələrin təxmini 70 faizi xəstəlik aşkarlandıqdan 6-10 il ərzində cərrahi əməliyyat etdirmək məcburiyyəti qarşısında qalırlar.

Diaqnoz biomikroskopik müayinə əsasında qoyulur. Katarakta yaranmağa başladıqdan sonra onun qarşısını alacaq dərman müalicəsi yoxdur. Yeganə müalicəsi cərrahi əməliyyatdır. Uşaqlarda katarakta göz bəbəyinin ortasında ağ pərdə və görməyən gözdə çəplik ilə müşahidə olunur.

Bu xəstəlikdən əziyyət çəkənlərin başlıca şikayəti görmə kəskinliyinin azalması və bulanıq görmədir.

Kataraktası əmələ gələn yaşlı bir insanda tipik göstərici, əvvəllər yaxından görmək üçün istifadə etdiyi hipermetrop (presbiop) eynəyi istifadə etmədən yaxını yaxşı görə bilməsidir. Həmçinin, 50-60 yaşdan yuxarı miop eynək taxanlarda getdikcə miop dərəcəsi artdıqda ilk olaraq katarakta haqqında düşünmək lazımdır.

Bəzi katarakta növlərində xəstələr işıqlı yerlərdə daha zəif gördüklərini, qaranlıqda isə görmələrinin bir qədər yaxşılaşmasını qeyd edirlər.

Hazırda kataraktanın cərrahi müalicəsində daha müasir üsul olan fakoemulsifikasiya istifadə edilir. Bu zaman bulanmış büllur ultrasəs vasitəsilə kiçik hissələrə bölünərək aspirasiya olunur. Daha sonra büllur kisəsinə göz daxili linza yerləşdirilir. Bu üsulda 2-3 mm ölçüdə kiçik kəsik aparılır və kəsiyə tikiş qoyulmur. Əməliyyat yerli keyitmə ilə icra olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.