İDMAN
Kayak və kanoeçilərimiz dünya çempionatında yarışacaqlar
Bakı, 27 iyul, AZƏRTAC
Azərbaycanın 18 və 23 yaşadək kayakçı və kanoeçilərdən ibarət milli komandası Belarusun paytaxtı Minskə yollanıb.
AZƏRTAC xəbər verir ki, Dmitri Sablinin baş məşqçi olduğu komanda iyulun 28-də start götürəcək dünya çempionatında iştirak edəcək.
Nüfuzlu reqatada 4 idmançımız mübarizə aparacaq. Onlardan üçü kanoeçi, biri isə kayakçıdır. Yeniyetmələrin mübarizəsində yalnız Mixail Bıkxalo çıxış edəcək. M.Bıkxalo bir nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafəni qət edəcək.
İyirmi üç yaşadək kayakçıların mübarizəsində isə yalnız Tamerlan Mustafayev çıxış edəcək. Bu yaş qrupu üzrə kanoeçilərin yarışına isə Nikita Sablin - Aleksey Kupin dueti qatılacaq. Bu cütlük 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüş edəcək.
Altmışı yeddi ölkədən idmançıların qatıldığı dünya birinciliyinin açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 19:30-da “Minsk-Arena”da təşkil olunacaq.