CƏMİYYƏT
Kazanda Bibliyanın tatar dilinə ilk tam tərcüməsi təqdim edilib
Bakı, 27 may, AZƏRTAC
Kazanda Bibliyanın tatar dilinə ilk tam tərcüməsi ictimaiyyətə təqdim edilib.
Əvvəllər Rusiyada Müqəddəs Kitab tam şəkildə rus, çuvaş, Tuva, çeçen və udmurt dillərinə tərcümə olunub. Ümumiyyətlə, Bibliya dünyanın 565 dilinə tərcümə edilib.
AZƏRTAC “Tatar-inform” informasiya agentliyinə istinadla xəbər verir ki, Bibliyanın tatar dilinə tərcüməsi üzərində iş 23 il ərzində həyata keçirilib. Tərcümə Tatarıstan Respublikası Elmlər Akademiyasının Q.İbrahimov adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun, habelə Kazan (Privoljsk) Federal Universiteti Filologiya və Mədəniyyətlərarası Kommunikasiya İnstitutunun elmi rəyindən keçib. Kitab Rusiya Elmlər Akademiyasının Dilçilik İnstitutunun qrifi ilə çıxıb. Nəşrin ümumi tirajı 8 min nüsxədir. Kitab kilsələr və kitabxanalara çatdırılacaq.
Kazan və Tatarıstan mitropoliti Feofan çıxışında bu tərcümənin mənəvi dirçəlişin təməli olacağına ümidvar olduğunu bildirib. O deyib: “Niyə insanlar, hətta başqa dinlərə mənsub olan olanlar Müqəddəs Kitabla tanış olmasınlar? Mən Quranı rus dilində oxuyuram, çünki mənimlə yanaşı, eyni evdə, şəhərdə, ölkədə yaşayan insanların dinini bilmək istəyirəm”. Mitropolit sevincini ifadə edib və tərcümə üzərində işləyən adamlara təşəkkürünü bildirib.
Tədbirdə tatar dilində Bibliyadan fraqmentlər oxunub.
Qeyd edək ki, Müqəddəs Kitabın tatar dilinə tərcümə işinin uzun və mürəkkəb tarixçəsi var. Onun ayrı-ayrı kitablarının ilk tərcümələri hələ XIX əsrdə edilib. Təxminən bir əsrlik fasilədən sonra Müqəddəs Kitabın müasir tatar dilinə tərcüməsi üzərində iş Bibliyanı Tərcümə İnstitutu tərəfindən bərpa olunub. XX əsrin 80-ci illərinin ortalarında, Əhdi-Ətiq və Əhdi-Cədidin ayrı-ayrı kitabları yenidən tərcümə edilib. Yeni əsrin əvvəllərində İncil (2001) və Tövrat (2007) işıq üzü görüb.