İQTİSADİYYAT
Kazinform Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətindən yazır
Astana, 8 may, АZƏRTAC
Qazaxıstanın Kazinform milli xəbər agentliyi mayın 7-də Yaponiyada “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti ilə Asiya İnkişaf Bankı arasında “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin dəstəklənməsi məqsədilə 500 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasına dair müqavilə və Zəmanət sazişinin imzalanması barədə məqalə yayıb.
Məqalədə “Cənub Qaz Dəhlizi” layihəsinin strateji əhəmiyyətindən, bu transmilli layihənin Avropanın enerji təhlükəsizliyinin təminində oynayacağı roldan, layihənin uğurla başa çatdırılmasında Asiya İnkişaf Bankının dəstəyinin vacibliyindən bəhs edilir.
Yazıda Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının illik toplantısında çıxış edən Azərbaycanın maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar, neftin kəskin ucuzlaşması fonunda hökumət tərəfindən atılan qabaqlayıcı addımlar nəticəsində makroiqtisadi sabitliyin tez bir zamanda bərpa olunması barədə fikirləri yer alıb.
Məqalədə, həmçinin Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakaonun Azərbaycanın bankın dəyərli tərəfdaşı və vacib üzvü olduğu, gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi ilə bağlı fikirləri əksini tapıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana