İQTİSADİYYAT
Keçən il Azərbaycandan Türkiyəyə bir milyard kilovat-saata yaxın elektrik enerjisi ötürülüb
Tbilisi, 15 aprel, AZƏRTAC
“Keçən il Gürcüstan ərazisindən keçməklə Azərbaycandan Türkiyəyə bir milyard kilovat-saata yaxın elektrik enerjisi ötürülüb. Enerjinin ötürülməsi “energetika körpüsü” layihəsi çərçivəsində həyata keçirilib. Hazırda enerji mübadiləsi, transsərhəd zonalarda enerji mübadiləsinin gücləndirilməsi istiqamətində iş aparılır”.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə Gürcüstanın energetika naziri Kaxa Kaladze söyləyib.
Nazir deyib ki, bu gün Azərbaycan ilə Gürcüstan bir sıra sahələrdə olduğu kimi, elektrik enerjisinin daşınması ilə bağlı layihəni də uğurla həyata keçirirlər. Artıq çox yaxşı nailiyyətlərimiz var və biz “energetika körpüsü” layihəsini daha da genişləndirmək niyyətindəyik.
“Düşünürəm ki, 2017-ci ildə biz bu sahədə daha böyük uğurlar qazanacağıq və elektrik enerjisinin ötürülməsi istiqamətindəki rəqəm daha da artacaq”, - deyə Kaladze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi