İQTİSADİYYAT


Keçən il Azərbaycanın strateji valyuta ehtiyatlarının 89,3 faizi Neft Fondunun aktivlərinin payına düşüb

Bakı, 12 iyun, AZƏRTAC

Ötən il ölkənin strateji valyuta ehtiyatlarının 89,3 faizi Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin payına düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Neft Fondunun 2016-cı il üzrə fəaliyyəti haqqında illik hesabatında deyilir.

Bildirilir ki, 2014-cü ildən etibarən enerji bazarındakı volatillik, xüsusilə neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi ARDNF-in gəlirlərinin əhəmiyyətli səviyyədə azalmasına səbəb olub. Belə ki, 2014-cü il ilə müqayisədə 2016-cı ildə mənfəət nefti və qazın satışından daxilolmalar təxminən 3 dəfəyə qədər azalıb. Bununla yanaşı, neftin qiymətlərində volatillik fonunda ölkədə makroiqtisadi və fiskal sabitliyin qorunması ilə bağlı ARDNF-in funksiyalarının əhəmiyyəti daha qabarıq şəkildə özünü göstərib. İcmal və dövlət büdcəsi qarşısında manat ilə ifadə edilən öhdəliklərinin vaxtında icrasını təmin etmək məqsədilə ötən il ərzində ARDNF Mərkəzi Bank tərəfindən təşkil olunan hərraclarda keçirilən valyuta satışında mütəmadi iştirak edib və bu hərraclar vasitəsilə ölkənin əsas xarici valyuta təminatçısı kimi çıxış edib. Hərraclar zamanı il ərzində ARDNF tərəfindən ümumilikdə 4,88 milyard ABŞ dolları həcmində valyuta satılıb.

“2016-cı ilin sonuna ARDNF-in aktivləri 33 milyard 147,0 milyon ABŞ dolları təşkil edib. 2016-cı ilin sonuna Mərkəzi Bankın (MB) rəsmi valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə təxminən 1 milyard manat (20,8 faiz) azalaraq 3 milyard 974,4 milyon ABŞ dolları təşkil edib. Beləliklə, ölkənin strateji valyuta ehtiyatlarının (ARDNF və MB) həcmi 37 milyard 121,4 milyon ABŞ dolları təşkil edib. Ümumilikdə, ölkənin strateji valyuta ehtiyatlarının 89,3 faizi ARDNF-in aktivlərinin payına düşüb”, - deyə hesabatda qeyd edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.