REGİONLAR
Keçən il Salyanda əsaslı kapitala 91,5 milyon manat investisiya yönəldilib
Salyan, 11 fevral, Mahir Babayev, AZƏRTAC
Salyanda 2015-ci ilin yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, yığıncaq iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov bildirib ki, hesabat dövründə Salyanda məhsul buraxılışının həcmi ötən ilin eyni dövrünə nisbətən 5,3 faiz artaraq 246,1 milyon manata çatıb. Kənd təsərrüfatı məhsullarının həcmi 143,4 milyon manat, sənaye məhsulunun həcmi 38,8 milyon manat olub, 579 yeni iş yeri yaradılıb. Əsas kapitala yönəldilən investisiyalar 91,5 milyon manat təşkil edib.
İcra hakimiyyətinin başçısı Dövlət Proqramı çərçivəsində həyata keçirilən infrastruktur layihələri barədə də məlumat verib. Bildirib ki, Salyan şəhərində 5 mərtəbəli biznes mərkəzinin, YAP Salyan rayon təşkilatının, 50 çarpayılıq ağciyər xəstəlikləri xəstəxanasını yeni binaları, Peyk kəndində 220 yerlik yeni məktəb binası istifadəyə verilib. Seydan kəndində 132 şagird yerlik məktəb binasının tikintisinə başlanılıb. Salyan şəhərini Babazanlı yaşayış massivi ilə birləşdirən körpünün inşası başa çatdırılıb, şəhərin 7 küçəsi asfaltlanıb, 8 kommunal binanın, 7 məktəbin dam örtüyü əsaslı təmir olunub. Ərazi kənd təsərrüfatı idarəsi və rayon prokurorluğunun inzibati binalarının tikintisi davam etdirilir.
Kənd və qəsəbələrin qazlaşdırılması hesabat ilində diqqət mərkəzində olub və hazırda bu istiqamətdə iş uğurla aparılır.
İclasda rayonun potensial imkanlarından səmərəli istifadə, üzümçülük, pambıqçılıq, iri taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlı səsləndirilən təkliflər ümumiləşdirilib.
Prezident Administrasiyasının məsul işçisi İbrahim Mustafayev, Milli Məclisin deputatı Əliağa Hüseynov və Fəzail Ağamalının da iştirak etdiyi iclasda əhalinin elektrik enerjisi, qaz, su ilə təminatı və digər xidmət təşkilatlarının işi, qarşıda duran vəzifələr ətraflı müzakirə edilib, müvafiq qərar qəbul olunub.