İQTİSADİYYAT


Keçmiş “Sovetski”də 26 hektar ərazidə yolların salınması və abadlıq işlərinin aparılması nəzərdə tutulub

A+ A

Bakı, 29 iyul, AZƏRTAC 

Keçmiş “Sovetski” ərazisinin 26 hektarında yolların salınması və abadlıq işlərinin aparılması nəzərdə tutulub. Buraya 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işləri, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir.

AZƏRTAC xəbər verir ki, görülən işlər arasında yenidən yaradılan yol infrastrukturu mühüm əhəmiyyət daşıyır. “Azəravtoyol” ASC tərəfindən aparılan yenidənqurma və abadlıq işlərinin yüksək səviyyədə başa çatması üçün bütün qüvvələr səfərbər olunacaq. “Sovetski” kimi tanınan ərazidə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ümumi uzunluğu 6,1 kilometrə yaxın olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri həyata keçiriləcək.

Yenidən qurulacaq Balababa Məcidov küçəsinin əvvəlki eni 7-8 metr olub. Hazırda layihə çərçivəsində küçə genişləndirilərək 15 metrə çatdırılacaq. Layihəyə uyğun olaraq Balababa Məcidov küçəsində 3 hərəkət zolaqlı olmaqla, yolun hərəkət hissəsinin eni 12 metr təşkil edəcək. Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə 1,5 metr enində piyada səkiləri inşa olunacaq.

Tikinti işlərinin aparılacağı Abdulla Şaiq küçəsinin uzunluğu isə 1825 metr təşkil edir. Əvvəllər küçənin eni 5-6 metr olub. Hazırda isə yolun hərəkət hissəsinin eni 7-15 metr arasında dəyişməklə və hər iki istiqamət üzrə piyada səkilərinin eni 2 metr olmaqla, küçə 19 metrə qədər genişləndiriləcək. Küçənin 2-4 hərəkət zolaqlı olması nəzərdə tutulub.

Akademik Milli Dram Teatrının hər iki tərəfində yerləşən Mirzəağa Əliyev küçəsi və Füzuli küçəsinin davamının uzunluqları müvafiq olaraq 750 və 800 metr təşkil edir. Hər iki küçənin əvvəlki hərəkət hissəsinin eni 4-5 metr idi. Bu küçələrdə yenidənqurma işləri çərçivəsində yol yatağı genişləndirilərək 19 metrə çatdırılacaq. Buraya 15 metr enində hərəkət hissəsi və 2 metr enində piyada səkiləri daxildir. Küçələrin hər biri 4 hərəkət zolaqlı olacaq. Aparılacaq yenidənqurma işləri çərçivəsində Nəriman Nərimanov küçəsinin 2165 metr uzunluğunda olan hissəsində də tam müasir yol infrastrukturunun yaradılması nəzərdə tutulur.

Küçənin hərəkət hissəsinin hazırkı eni 7 metr təşkil edir. Layihəyə əsasən, yolun 2–5 hərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eninin 7 metrdən 17,5 metrədək genişləndirilməsi nəzərdə tutulur. Hər iki tərəfində 2-3 metr enində səkilər də nəzərə alınmaqla yolun ümumi eninin 11 metrdən 23,5 metrədək olması planlaşdırılır.

Yenidən qurulacaq küçələrdə mühəndis-kommunikasiyaları - su, məişət və yağış suları üçün kanalizasiya, işıq, qaz, rabitə xətlərinin dəyişdirilərək müasir tələblər səviyyəsində qurulması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.