MƏDƏNİYYƏT
“Keçmişdən zəng” tamaşasının premyerası olub
Bakı, 31 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Ukrayna yazarı Anatoli Krımın eyniadlı pyesi əsasında gənc rejissor ƏR-Toğrulun quruluşunda hazırlanmış “Keçmişdən zəng” tamaşasının premyerası keçirilib.
AZƏRTAC xəbər verir ki, pyesi Azərbaycan dilinə Dilsuz tərcümə edib.
Janrı birhissəli tragikomik virtual oyun kimi müəyyənləşdirilmiş tamaşa üzərində çalışan yaradıcı heyətin əksəriyyətini gənclər təşkil edir.
Tamaşanın quruluşçu rəssamı Samirə Həsənova, musiqi tərtibatçısı Kamil İsmayılovdır.
Səhnə əsərində rolları əməkdar artist Sevinc Əliyeva (qadın), Rəşad Bəxtiyarov (eynəkli) və Elnar Qarayev (kişi) ifa ediblər.
Gənc rejissor ƏR-Toğrul və tamaşanın yaradıcı heyəti bu günə qədər Azərbaycan teatrına tanış olmayan müəllifin pyesinə müraciət edərək, mövzu, problematika, eləcə də forma baxımından müasir tamaşa yaratmağa çalışıb.
Tamaşanın qısa süjeti belədir: Eynəkli haker 15 il əvvəl onu aldadan arvadı və dostundan aldığı mənəvi zərbədən sarsılır. O, bu sarsıntını aradan qaldırmaq üçün “keçmişdən zəng” adlı virtual oyun qurur və dostu ilə arvadını da bu oyuna iştirakçı qismində əlavə edir. Oyun vasitəsilə Eynəkli, mənəvi əzabdan qurtulur... Və oyunun sonunda o, köhnə həyatından qalan bütün xatirələri silir və yeni həyata başlayır.