ELM VƏ TƏHSİL
Keçmişini bilən gələcəyindən qorxmaz
Bakı, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 19-dan 25-dək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Xəzər Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri Orta əsr Ağsu şəhər arxeoloji turizm kompleksində “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və İtaliyanın YOCOCU Beynəlxalq Assosiasiyası tərəfindən təşkil olunan arxeoloji sahələrin konservasiyası, bərpası və idarə olunması üzrə II YOCOCU (Mədəni İrsin Konservasiyasında Gənclər) Ağsu məktəbində təlim keçiblər.
Orta əsr Ağsu şəhər arxeoloji turizm kompleksindəki konfrans zalında baş tutan təlimləri Ağsu arxeoloji ekspedisiyasının rəisi, professor Qafar Cəbiyev, İtaliyanın Kalabriya Universitetinin bərpa laboratoriyasının əməkdaşı Silvestro Antonio Ruffolo ,Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Mərkəzi Bərpa və Konservasiya Laboratoriyasının əməkdaşı Uğur Genç, “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli və “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin bərpaçı-memarı Uğur Qiyasi aparıblar.
Kurs müddətində bərpa və konservasiya prinsipləri, bərpa laboratoriyası, daş materiallar, kimyəvi analizlərin aparılması və arxeometriya, çiy kərpicin konservasiyasında yeni nanotexnoloji metodlar və s. mövzularda fikir və təcrübə mübadiləsi aparılıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Xəzər Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin ən effektiv konservasiya üsulundan yararlanmaq üçün kollektiv təcrübələrini bir araya gətiriblər.
Kurs iştirakçılarına beynəlxalq sertifikatlar təqdim olunub.
Qeyd edək ki, III YOCOCU Ağsu məktəbinin 2016-cı ilin oktyabr ayında təşkil olunması qərara alınıb.