İQTİSADİYYAT
Kəhrizlərin bərpası və istifadəsi üçün proqram hazırlanır
Bakı, 26 noyabr, Elvin Camalov, AZƏRTAC
Kəhrizlərin bərpası və istifadəsi üçün proqram hazırlanır.
AZƏRTAC xəbər verir ki, bu məlumatı “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini Adışirin Ələkbərov verib.
Onun sözlərinə görə Naxçıvan, Qarabağ, Gəncə ətrafında və digər bölgələrdə kəhrizlər mövcuddur. Bu kəhrizlərin istifadə olunması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsini icra edən professor Əlövsət Quliyev “Azərsu” ASC-yə müraciət edib.
Bu sahədə işbirliyinə başladıqlarını söyləyən A.Ələkbərov bildirib ki, əvvəllər su quyuları qazılan zaman bir sıra kəhrizlərə qarşı biganə münasibət göstərilib və bu səbəbdən onlar sıradan çıxıb.
A.Ələkbərov həm mövcud kəhrizlərin istifadəsinin təkmilləşdirilməsi və daha da genişləndirilməsi, həm də sıradan çıxmış kəhrizlərin aşkarlanıb, bərpasını təmin etmək üçün AMEA ilə birlikdə çalışdıqlarını söyləyib. O qeyd edib ki, bu istiqamətdə proqramın hazırlanması demək olar ki, başa çatıb.