REGİONLAR
Kəklik Əhmədova: Yenidən at belində Kəlbəcərin yaylaqlarına çıxacağım günü səbirsizliklə gözləyirəm VİDEO
Ağcabədi, 19 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Aran Qarabağda çoban Kəkliyi tanımayan az adam olar. Ömrünün 20 ildən çoxunu çobanlıq edən Kəklik Əhmədova bu peşəni seçən bəlkə də yeganə qadındır.
Azərbaycanın nadir əmək qəhrəmanlarından olan Kəklik Əhmədova AZƏRTAC-ın müxbiri ilə söhbətində təbiətə, zəhmətə bağlı olan ömür yolundan danışıb. Bildirib ki, Ağcabədi rayonunun Hüsülü kəndində çoban ailəsində anadan olub. Ailədə on uşaqdan biri olan Kəklik orta məktəbi bitirdikdən sonra atası çoban Talışın yolunu davam etdirib. 1973-cü ildən kolxozda çoban kimi fəaliyyətə başlayıb.
“Mən gözümü açanda bu bərəkətli sürüləri, dağ-aran yollarını, yaylağı-qışlağı görmüşəm. Ona görə də başqa peşəyə meylim olmayıb. Orta məktəbi qurtaran kimi fermaya gəldim. Əvvəlcə quzu otardım, sonra mənə sürünü etibar etdilər”, - deyə Kəklik Əhmədova bildirib.
1975-ildə Kommunist Partiyasının sıralarına daxil olan Kəklik Əhmədova sonra Şuşa Kənd Təsərrüfatı Texnikumunda zootexnik ixtisasına yiyələnib. Qoyunçuluq sahəsində yüksək göstəricilər əldə etdiyinə görə qabaqcıl çoban kimi “Əməkdə fərqlənməyə görə” medalına, “Sosializm yarışının qalibi”, “Beşilliyin gənc qvardiyaçısı” döş nişanlarına, respublika Lenin Komsomolu Mükafatına layiq görülüb. Keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalını alıb, ali məclislərdə iştirak edib. Kəklik xanım öz əməyi, zəhmətsevərliyi sayəsində nəinki Ağcabədidə, eləcə də Azərbaycanda tanınmış çoban kimi məşhurlaşıb.
Kolxoz dağıldıqdan sonra – 1993-cü ildə “Kəklik” tam sərbəst icarə kollektivi, 1996-cı ildə isə fərdi fermer təsərrüfatı yaradıb. Qoyunçuluqla yanaşı pambıqçılıq, taxılçılıqla, bostan-tərəvəz yetişdirməklə də məşğul olub.
Bu gün yaşının 60-ı ötməsinə baxmayaraq at belində sürüyə baş çəkir, cavan çobanlara məsləhət və tapşırıqlar verir. Onun təsərrüfatında çalışan cavanlar həm də rayonun çövkən komandasının üzvləridir. Onların çapar kimi yetişməsində Kəklik Əhmədovanın əməyi böyükdür.
Kəklik xanım təsərrüfatında heyvandarlıqla yanaşı, kənd təsərrüfatının digər sahələri ilə də məşğul olduğunu deyib: “Heyvandarlıqla yanaşı, əkinçiliklə də məşğuluq. Bostan, taxıl əkirik. Pambıqçılığın inkişafı ilə bağlı təşəbbüslərə həvəslə qoşulmuşuq. Bu il 15 hektar sahədə pambıq əkmişik. Aqrotexniki qaydalarla becərilən pambıq tarlalarında bol məhsul yetişməkdədir. Gələn ildən barama istehsalı ilə də məşğul olacağıq”.
Ölkəmizdə aqrar sahənin inkişafına, sahibkarlığa göstərilən yüksək qayğıdan minnətdarlıqla danışan Kəklik xanım respublikamızda iş adamlarına, fermerlərə münbit şərait yaradıldığını vurğulayıb. “Bütün bunlar isə məhsul bolluğuna, insanların firavan yaşamasına böyük təsir göstərir. Bu şəraitdən istifadə edərək biz də təsərrüfatımızı genişləndiririk. Fermerlərə, sahibkarlara yaradılan bu şəraitə görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”, - deyə o qeyd edib.
Ömrünün ən gözəl çağlarını Kəlbəcərin səfalı yaylaqlarında keçirən Kəklik xanım o illəri belə xatırlayır: “Hər il yay fəslini Kəlbəcər rayonunun Yüzbulaq yaylağında keçirər, havalar soyuyanda isə Ağcabədiyə qayıdardıq. Qoyunlar çayların sərin suyundan içib, kəklikotulu çəmənliklərdə otlayardılar. O yerlər üçün çox darıxıram. Yenə də at belində doğma yaylaqlarımıza qalxacağım günü səbirsizliklə gözləyirəm. İnanıram ki, torpaqlarımız işğaldan azad ediləcək və siz çoban Kəkliyin sorağın yenə də allı-güllü yaylaqlarımızdan alacaqsınız”.