CƏMİYYƏT


Kəlbəcər məktəbliləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olublar

A+ A

Bakı, 25 noyabr, AZƏRTAC

Noyabrın 25-də “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin təşəbbüsü ilə Xırdalandakı 20 saylı Kəlbəcər orta məktəbinin şagirdləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olublar.

BBMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədr müavini Həbib Misirov “Multikulturalizm ili” çərçivəsində məktəblilərin Mərkəzdə görüşünün təşkil olunmasında məqsədin gəncləri bu qurumun fəaliyyəti, gördüyü çoxsaylı işlərlə tanış etmək olduğunu deyib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi beynəlxalq və regional layihələr barədə məktəblilərə məlumat verən Mərkəzin şöbə müdiri Sərxanbəy Xudiyev deyib: “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Prezident İlham Əliyevin 2014-cü il 15 may tarixli Fərmanı ilə yaradılıb. Hazırda 20 xarici, 28 yerli universitetdə Azərbaycan multikulturalizmi fənni tədris edilir. Mərkəz xarici ölkələrdə Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün mütəmadi olaraq beynəlxalq multikulturalizm yay və qış məktəbləri təşkil edir. Bununla da həmin gənclər nəzəri şəkildə öyrəndikləri Azərbaycan multikulturalizmi ilə əyani şəkildə tanış ola bilirlər. Azərbaycanın multikultural dəyərlərini dərindən mənimsəyən gənclər ilə tanış olan xarici tələbələr keçən il təşkil olunan yay məktəbində öz təşəbbüsləri ilə “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyini yaradıblar. Almaniyada, İsraildə, Moldovada, İtaliyada, Portuqaliyada, Bolqarıstanda və Rusiyanın Moskva və Yekaterinburq şəhərlərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialları fəaliyyət göstərir”.

Görüşdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onlara BBMM-in hədiyyələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.