CƏMİYYƏT
Kəlbəcər rayonundan olan bir qrup aztəminatlı ailəyə bayram hədiyyələri təqdim edilib
Bakı, 30 dekabr, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun tapşırığına əsasən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bir qrup aztəminatlı məcburi köçkün ailəsi ilə görüş keçirilib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, Cavid Qurbanovun nümayəndəsi Həbib Misirov mütəmadi olaraq Kəlbəcər rayonundan məcburi köçkün düşən nisbətən aztəminatlı, şəhid ailələri, müharibə iştirakçıları olub sağlamlıqlarını itirmiş və sosial qayğıya ehtiyacı olan insanların özləri və ailələri ilə görüşlərin keçirildiyini deyib. Görüşdə bayram ərəfəsində sosial qayğıya ehtiyacı olan bir qrup insanlar və onların ailə üzvləri iştirak edib.
H.Misirov ölkəmizdə qaçqın və məcburi köçkün olan, xüsusi qayğıya ehtiyac duyan insanların dövlətimiz, həmçinin dünyada öz xeyirxah əməlləri ilə tanınan, Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın sosial təşəbbüsləri ilə daim diqqətdə saxlanmasının insanlarımız tərəfindən olduqca yüksək dəyərləndirildiyini deyib. Bu faktı görüşdə iştirak edən məcburi köçkün ailələri də öz çıxışlarında ifadə ediblər.
Tədbirin sonunda görüş iştirakçılarına bayram hədiyyələri təqdim olunub.