REGİONLAR
Kənd Təsərrüfatı Nazirliyi: Hər il təqribən 100 min baş heyvan süni yolla mayalandırılır
Bakı, 22 noyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq sahəsində strateji hədəfi heyvanların cins tərkibinin yaxşılaşdırılması və intensiv ferma modelinin genişləndirilməsidir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, intensiv ferma modelinin genişləndirilməsi tədbirləri çərçivəsində 2016-cı ilin doqquz ayı ərzində “Aqrolizinq” ASC-nin xətti ilə 3255 baş iribuynuzlu damazlıq heyvan ölkəyə gətirilərək ayrı-ayrı təsərrüfatlara dəyərinin 50 faizi həcmində güzəştli qiymətə lizinq yolu ilə satılıb. İlin sonuna qədər daha 1500 baş iribuynuzlu və 1600 baş xırdabuynuzlu damazlıq heyvanın gətirilməsi nəzərdə tutulub. Pilot formada tətbiq edilən ətlik-südlük qaramaldan ibarət ailə heyvandarlıq təsərrüfatının yaradılması layihəsi çərçivəsində kompleks yanaşma təcrübəsi özünü doğruldub. Layihənin əhatə etdiyi üç rayonda dəyər zənciri üzrə 69 ailəyə güzəştli kredit və lizinq yolu ilə 513 baş təmiz qanlı simmental cinsli ətlik-südlük istiqamətli qaramal verilib. Hazırda qeyd edilən ailə təsərrüfatlarında heyvanların baş sayı artaraq 900-ə çatıb.
Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması tədbirlərinin miqyasının daha da sürətləndirilməsi məqsədilə süni mayalama işinə xüsusi önəm verilir. Respublika Süni Mayalama Mərkəzinin xarici ekspertlərin iştirakı ilə modernləşdirilməsi və eyni zamanda, 12 regional süni mayalama mərkəzinin yaradılması hesabına fermerlərin bu xidmətə çıxışı asanlaşdırılıb. Burada yaradılmış tədris mərkəzi bu sahədə ölkənin peşəkar kadrlara olan tələbatının ödənilməsində mühüm əhəmiyyət daşıyır. Belə ki, beynəlxalq məsləhətçilərin hazırladıqları təlim proqramları əsasında mütəxəssis hazırlığı aparılır və layihə çərçivəsində 126 nəfər təlimdə iştirak edib.
Hazırda ölkədə 358 nəfər süni mayalama mütəxəssisi fəaliyyət göstərir və hər il təqribən 100 min baş mal süni yolla mayalandırılır. Süni mayalama yolu ilə alınmış yeni doğulan hər baş cins buzova görə müəyyən olunmuş 100 manat məbləğində subsidiya tədbiri isə bu istiqamətdə mühüm stimullaşdırıcı amildir.