REGİONLAR
Kənd Təsərrüfatı Nazirliyi: İdxal olunan yumurtalarda xəstəlik törədiciləri aşkarlanmayıb
Bakı, 18 iyul, AZƏRTAC
Azərbaycana idxal olunan yumurtaların salmonella virus xəstəliyinə yoluxması və onların satılması barədə məlumatlar yayılıb.
Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən AZƏRTAC-a bildiriblər ki, 2016-cı ilin müvafiq dövrü ərzində ölkəmizə idxal olunan digər heyvandarlıq məhsulları ilə yanaşı, ərzaq yumurtalarından da nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasında bakterioloji, biokimyəvi, ağır metalların qalıq miqdarına, antibiotiklər və digər parametrlərinə görə müayinələrdən keçirilib. Müayinələrin nəticəsinə görə, ölkəmizə idxal olunan ərzaq yumurtalarında hər hansı xəstəliyin törədicisi aşkarlanmayıb, yoxlanılan nümunələr baytarlıq-sanitariya cəhətdən normada olub. Eyni zamanda, yumurtaların sağlam və yeyinti üçün yararlı olması müəyyən edilib.
Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, idxal edilən yumurtalarda heç bir xəstəlik mövcud deyil. Bütün heyvan və heyvan mənşəli məhsullar, eləcə də yumurtalar müvafiq laboratoriya müayinələrindən keçdikdən, yeyinti üçün yararlı olması müəyyən edildikdən sonra onların satışına icazə verilir. Ölkəyə idxal edilən bütün heyvan mənşəli məhsullara nəzarət olunur.