REGİONLAR


Kənd Təsərrüfatı Nazirliyi aqrobiznes dəyər zəncirlərinə qrant ayıracaq

Bakı, 10 dekabr, AZƏRTAC 

Kənd Təsərrüfatı Nazirliyi “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində aqrobiznes dəyər zəncirlərinə qrant ayıracaq. Layihənin məqsədi ölkədə aqrobiznes dəyər zəncirlərinə müsbət nümunələrin yaradılmasını təmin etməkdir. “Tarladan süfrəyə” prinsipli dəyər zəncirlərinin yaradılması istehsalçı, emalçı və tədarükçüləri bir araya gətirməklə, mövcud zəncirin hər hansı halqasında yaranmış problemi aradan qaldırmağa xidmət edəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, pilot dəyər zəncirlərinin formalaşdırılması məqsədilə bir sıra addımlar atılıb. Son 6 ayda ölkə üzrə məlumatlandırma kampaniyası aparılıb, dəyər zənciri yarada biləcək fermer və sahibkarlar bir araya gətirilib, onlarla birgə görüşlər keçirilib və tərəflərə dəyər zənciri formalaşdırmaq üçün layihə hazırlamaqda yardım göstərilib. Bu layihələr qiymətləndirildikdən sonra seçilmiş 20 dəyər zənciri layihəsinə qrant ayrılacaq. Qrantlar ayrı-ayrı fərdlər, sahibkarlar deyil, bütöv bir dəyər zənciri üzrə veriləcək. Bir qrantın maksimal məbləği bir dəyər zənciri üzrə 500 min ABŞ dollarıdır.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 dekabr tarixli Fərmanı Kənd Təsərrüfatı Nazirliyinin bu layihədə nəzərdə tutulmuş qrantları verməsinə imkan yaradır. Dövlətimizin başçısının Fərmanı ilə Kənd Təsərrüfatı Nazirliyinin adı “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı”na salınıb.

“Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi Dünya Bankı ilə Azərbaycan Respublikası Hökuməti arasında bağlanmış 2014-cü il 12 iyun tarixli kredit sazişinə əsasən, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilir. Layihə çərçivəsində ərzaq mallarının təhlükəsizliyi üzrə milli strategiya və bacarıqların artırılması, bitki sağlamlığı və fitosanitar sistemin təkmilləşdirilməsi, heyvan sağlamlığı və baytarlıq xidmətləri, aqrobiznesin inkişafı üçün investisiya və məsləhət dəstəyi, toxum sektorunun inkişafı, aqrobiznesə maliyyə xidmətləri istiqamətində işlər görülür. Son bir ildə aqrobiznesə 11 milyon manatdan artıq kredit ayrılıb. Bu kreditlər innovativliyi və perspektivi ilə fərqlənən layihələr təqdim etmiş 51 sahibkara verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.