REGİONLAR


Kənd Təsərrüfatı Nazirliyi dəyər zəncirlərinin yaradılması üçün məlumatlandırma kampaniyasını davam etdirir

A+ A

Bakı, 6 sentyabr, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin dəyər zəncirləri modellərinin yaradılması üçün məlumatlandırma kampaniyasının birinci mərhələsi yekunlaşmaq üzrədir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kampaniyanın məqsədi sağlam dəyər zəncirləri yarada biləcək istehsalçı, emalçı və tədarükçüləri – potensial iştirakçıları məlumatlandırmaq və onların bir araya gələrək, dəyər zəncirləri yaratmasına nail olmaqdır.

Tarladan süfrəyə rahat çıxışı təmin etmək məqsədilə nazirlik bu qrupların birgə fəaliyyəti üçün mövcud problemləri müəyyənləşdirəcək və aradan qaldırılmasına dəstək verəcək. Kənd Təsərrüfatı Nazirliyi dəyər zəncirlərini təşkil edən bu həlqələrə - yaradılmış tərəfdaşlıqlara texniki, məsləhət və maliyyə dəstəyi göstərəcək.

Dəyər zəncirləri modellərinin yaradılması proqramı Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə icra etdiyi “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində icra olunur.

Ölkənin 5 regionunu - Quba-Xaçmaz, Lənkaran-Masallı, Aran, Gəncə-Qazax və Şəki-Zaqatalanı əhatə edən proqram barədə məlumatlandırma kampaniyası indiyədək 30-dan artıq rayonda keçirilib. Kampaniya çərçivəsində keçirilən görüşlərdə yerli icra və bələdiyyə nümayəndələri, fermer və sahibkarlar iştirak ediblər.

Geniş məlumatlandırma kampaniyası başa çatdıqdan sonra layihə əməkdaşları fokus-qruplarda görüşlər təşkil edəcək. Bu görüşlərdə birbaşa istehsalçı, emalçı, tədarükçülərlə görüşüb, hər birinin problemləri, dəyər zənciri yaratmaq yolundakı çətinlikləri öyrəniləcək.

“Aqrobiznes dəyər zəncirinin inkişafı” proqramı çərçivəsində yalnız qida məhsulları istehsalçı, emalçı və tədarükçüləri iştirak edə bilər. Tütün, pambıq, eləcə də taxıl kimi texniki və strateji bitkilər bu layihənin predmeti deyil. Layihənin daha bir maraqlı cəhəti mövcud dəyər zəncirləri yaradılarkən Azərbaycan üçün brend olacaq məhsulların seçilməsi imkanıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.