REGİONLAR
Kənd Təsərrüfatı Nazirliyi ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında saziş imzalanıb
Bakı, 18 dekabr, AZƏRTAC
Dekabrın 18-də Bakıda Kənd Təsərrüfatı Nazirliyi ilə Beynəlxalq Maliyyə Korporasiyası (İFC) arasında ölkənin kənd təsərrüfatı sektorunda məhsuldarlığın və rəqabətliliyin artırılmasına dair saziş imzalanıb.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildiriblər.
Nazir Heydər Əsədov qeyd edib ki, sazişin məqsədi fermerlərin müxtəlif kənd təsərrüfatı bitkilərinin yüksək məhsuldar sortları, o cümlədən idxal olunan toxumları əldə etmək imkanlarının artırılması ilə dövlət sort sınağı, qeydiyyatı və mühafizəsinin tənzimlənməsində təkmilləşdirmələrin, institusional gücləndirmənin dəstəklənməsi vasitəsilə Azərbaycanın kənd təsərrüfatı sektorunda məhsuldarlığı və rəqabətliyinin artırılmasına nail olmaqdır. Nazir bu sahədə İFC ilə əməkdaşlığın praktiki müstəvidə davam etdirilməsini və Avropa İttifaqının təcrübəsindən də istifadə olunmasını məqsədəmüvafiq hesab edib.
Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan üzrə nümayəndəsi Aliyə Əzimova bildirib ki, İFC-nin Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlığı, qurumun Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və davamlı inkişafının təmin olunması strategiyasının vacib hissəsidir. O, deyib: “Ümid edirik ki, kənd təsərrüfatı sektorunda məhsuldarlığın artırılmasına yardım etməklə, Azərbaycanda tarazlı inkişafın təmin olunmasına, beynəlxalq səviyyədə ölkənin rəqabətliliyinin artırılmasına, yeni iş yerlərinin yaradılmasına dəstək verə biləcəyik”.
Sonda imzalanma mərasimi keçirilib.