İQTİSADİYYAT


Kənd Təsərrüfatı Nazirliyində Aİ-nin Fəaliyyət Planının formalaşdırılması prosesi ilə bağlı müzakirələr aparılıb

Bakı, 9 fevral, AZƏRTAC

Fevralın 9-da Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Avropa İttifaqının NEAR Baş Direktorluğunun bölmə rəhbəri Vassilis Maraqos ilə görüşüb. Görüşdə Avropa İttifaqının Fəaliyyət Planının 2017-ci il üzrə formalaşdırılması prosesi ilə bağlı müzakirələr aparılıb.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, nazir müavini Seyfəddin Talıbov Avropa İttifaqı ilə Azərbaycan hökuməti arasında bir sıra layihələrin uğurla həyata keçirildiyini, bunun cari ildə də davam etdirilməsinin məqsədəuyğun olduğunu bildirib. S.Talıbov bu layihələrin kənd təsərrüfatının inkişafına öz töhfəsini verdiyini vurğulayıb, “Azərbaycanda elektron kənd təsərrüfatına dəstək” layihəsinin, “Azərbaycanda epidemioloji nəzarət sisteminin gücləndirilməsi üçün Dövlət Baytarlıq Nəzarəti Xidmətinin gücləndirilməsi” Tvinninq layihəsinin uğurla davam etdirildiyini söyləyib.

Nazir müavini regionların inkişafının ən vacib məsələ olduğunu, Strateji Yol Xəritəsində qarşıya qoyulmuş əsas hədəflərə dəstək göstərilməsi, prioritet hesab olunan, o cümlədən ixracyönümlü sahələr, həmçinin fitosanitar və baytarlıq sahəsində standartların tətbiqi və keyfiyyətə nəzarətin yüksəldilməsi, aqrar təhsil və məsləhət xidməti istiqamətində əməkdaşlıq üçün potensial imkanların olduğunu diqqətə çatdırıb.

Vassilis Maraqos Avropa İttifaqı tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin, o cümlədən baytarlıq və fitosanitar sahədə görülmüş işlərin əhəmiyyətini qeyd edib, fermerlərin bu layihələr çərçivəsində göstərilən yardımlardan faydalandığını bildirib. Avropa İttifaqı tərəfindən həyata keçirilən layihələr çərçivəsində fermer və sahibkarların, xüsusilə də gənc fermerlərin Avropa İttifaqı ölkələrində təlimlərə cəlb olunmalarını məqsədəuyğun sayan qonaq, əməkdaşlığın daha da genişləndirilməsi üçün perspektiv imkanların olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.