İQTİSADİYYAT
Kənd Təsərrüfatı Nazirliyində Almaniyanın “Haller” şirkəti ilə əməkdaşlıq əlaqələri müzakirə olunub
Bakı, 28 iyul, AZƏRTAC
Kənd təsərrüfatı naziri Heydər Əsədov Almaniyanın “Haller” şirkətinin rəhbəri Kai Uve Haller ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşün məqsədi şirkət tərəfindən ölkəmizə damazlıq heyvanların satışının təşkil edilməsi, heyvandarlıqda müasir tələblərə cavab verən yeni texnologiya və avadanlıqların təqdimatından ibarət olub.
Nazir Heydər Əsədov qonaqları səmimi salamlayaraq, digər sahələrdə olduğu kimi, Almaniya şirkətləri ilə heyvandarlıq sahəsində də əməkdaşlığa önəm verildiyini qeyd edib.
Şirkətin rəhbəri Kai Uve Haller təmsil etdiyi təşkilatın tarixi və fəaliyyəti barədə geniş məlumat verib, şirkətin damazlıq heyvanların satışı istiqamətində ixtisaslaşdığını diqqətə çatdırıb. K.U.Haller təmsil etdiyi şirkətin Avropanın ən müasir avadanlıqlarına malik olduğunu, damazlıq heyvanların xüsusi nəqliyyat vasitəsilə daşınması, cins heyvanların saxlanması və bəslənməsi ilə bağlı informasiya-məsləhət xidmətinin göstərdiyini qeyd edib, şirkətin heyvandarlıq komplekslərinin tikintisi ilə bağlı layihələr həyata keçirdiyini vurğulayıb.
“Haller” şirkətinin icraçı direktoru Dirk Oliver Haller layihələrin maliyyələşdirilməsi, həmçinin südlük və ətlik istiqamətində damazlıq heyvanların keyfiyyət göstəriciləri, Avropanın müasir ferma və süd emalı müəssisələri barədə geniş məlumat verib.
Sonda şirkətin nümayəndələri ilə qarşılıqlı fikir mübadiləsi aparılıb.