İQTİSADİYYAT
Kənd Təsərrüfatı Nazirliyində “Aqrar sığorta mexanizminin təkmilləşdirilməsi” layihəsi müzakirə olunub
Bakı, 19 yanvar, AZƏRTAC
Beynəlxalq Maliyyə Korporasiyasının layihə üzrə meneceri Leah Sorokanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyində olub. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının iştirakı ilə nazirlikdə “Aqrar sığorta mexanizminin təkmilləşdirilməsi” layihəsinin reallaşdırılması üzrə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə layihə barədə məlumat verilib, eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası və Beynəlxalq Maliyyə Korporasiyası arasında imzalanması təklif olunan Əməkdaşlıq Sazişi layihəsi üzrə müzakirələr aparılıb.
Layihənin məqsədi ölkədə kənd təsərrüfatı məhsullarının istehsalına təsir edən təbiətlə bağlı risklərin düzgün və səmərəli idarəedilməsi, eləcə də qiymətləndirilməsi üçün mövcud aqrar sığorta sisteminin təkmilləşdirilməsidir. Aparılacaq təkmilləşdirmə nəticəsində müasir aqrar-sığorta modeli hazırlanacaq, sistemin səmərəli fəaliyyəti üçün müvafiq hüquqi-normativ baza təşkil ediləcək və texniki baza yaradılacaq.
Görüləcək işlər Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin” kənd təsərrüfatı sığortasının inkişafı üzrə strateji hədəfinə töhfə verəcək.