REGİONLAR
Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının iclası keçirilib
Bakı, 8 avqust, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyində kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildirilib.
İclasda Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev qeyd edib ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 50 manat, habelə buğda və çəltik əkinlərinə görə əlavə 40 manat məbləğində yardım verilməsi ilə bağlı rayon (şəhər) kənd təsərrüfatı idarələrinin və rayon (şəhər) komissiyalarının 23 rayon (şəhər) üzrə təqdim etdiyi sənədlərə baxılıb.
Bildirilib ki, Respublika Komissiyası 23 rayon (şəhər) üzrə 115 min 904 istehsalçıya 288 min 102,02 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 18 milyon 953 min 311,4 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) kənd təsərrüfatı idarələrinə və rayon (şəhər) icra hakimiyyətlərinə göndərilib.