İQTİSADİYYAT


Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının iclası keçirilib

A+ A

Respublika üzrə 385 min 247 istehsalçıya istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda, çəltik, pambıq və tütün əkininə görə 82 milyon 372 min 618 manat məbləğində yardım ayrılıb.

Bakı, 8 sentyabr, AZƏRTAC

Sentyabrın 8-də Kənd Təsərrüfatı Nazirliyində kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda, çəltik, pambıq və tütün əkininə, istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildirilib.

Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamı kənd təsərrüfatı məhsulları istehsalçılarına böyük maddi və mənəvi dəstək olub, əkin sahəsinin və istehsalın artması ilə nəticələnib.

Nəzərə çatdırılıb ki, 2007-ci ildən kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi prosesi davam etdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 avqust tarixli qərarına əsasən bu ildən buğda və çəltik səpininə görə yardımlar istehsalçılara yanacaq və motor yağlarına görə ödənilən yardımlarla eyni vaxtda verilir.

Respublika Komissiyasının iclasında kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 50 manat, habelə buğda, çəltik, pambıq, tütün əkinlərinə görə istehsalçılara əlavə 40 manat məbləğində yardım verilməsi ilə bağlı rayon (şəhər) kənd təsərrüfatı idarələrinin və rayon (şəhər) komissiyalarının 60 rayon (şəhər) üzrə təqdim etdiyi sənədlərə baxılıb.

Bildirilib ki, Respublika Komissiyası 60 rayon (şəhər) üzrə 385 min 247 istehsalçıya 1 milyon 231 min 262,24 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda, çəltik, pambıq və tütün əkininə görə 82 milyon 372 min 618,0 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) kənd təsərrüfatı idarələrinə və rayon (şəhər) icra hakimiyyətlərinə göndərilib.

Eyni zamanda, Respublika Komissiyası iclasda 4 satıcı təşkilat, o cümlədən “Aqrolizinq” ASC, “Aqroline Group” MMC, “MKT İK” MMC, “EKO Trade” MMC tərəfindən 70 faiz güzəştlə 5019 nəfər kənd təsərrüfatı məhsullarının istehsalçısına 46 min 74,25 hektara görə 9 milyon 837 min 56 kiloqram mineral gübrə üçün 4 milyon 281 min 166,86 manatın, həmçinin 4 satıcı təşkilat, o cümlədən “Aqrolizinq” ASC, “Aqrokimya” MMC, “EMA” MMC, “Aqrico” MMC tərəfindən 70 faiz güzəştlə 2413 nəfər kənd təsərrüfatı məhsullarının istehsalçısına 35 min 649,81 hektara görə 15 min 905,22 kiloqram pestisid üçün 347 min 342,94 manatın dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə qərar qəbul edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.