İQTİSADİYYAT
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Almaniyada bir sıra görüşlər keçirib
Bakı, 23 yanvar, AZƏRTAC
Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada “Beynəlxalq Yaşıl Həftə” sərgisi çərçivəsində bir sıra görüşlər keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 19-dan 21-dək Almaniya Federativ Respublikasının Berlin şəhərində “Beynəlxalq Yaşıl Həftə” sərgisi çərçivəsində Ərzaq və Kənd Təsərrüfatı Qlobal Forumu və 9-cu Berlin Kənd Təsərrüfatı Nazirlərinin Konfransı təşkil olunub.
Nümayəndə heyəti “Beynəlxalq Yaşıl Həftə” sərgisinin rəsmi açılış mərasimində iştirak edib və bir sıra ikitərəfli görüşlər keçirib. Tədbir çərçivəsində kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov sərgi ilə, o cümlədən 20-yə yaxın Azərbaycan şirkətinin təmsil olunduğu stendlə yaxından tanış olub.
Nazir müavini yanvarın 21-də “Kənd təsərrüfatı və su” mövzusuna həsr olunmuş Ərzaq və Kənd Təsərrüfatı Qlobal Forumu çərçivəsində 9-cu Berlin Kənd Təsərrüfatı Nazirlərinin Konfransında da iştirak edib.
Həmçinin nümayəndə heyəti səfər çərçivəsində Almaniyanın Ərzaq və Kənd Təsərrüfatı Nazirliyinin dövlət katibi Peter Belezer, Belarusun kənd təsərrüfatı nazirinin birinci müavini Leonid Mariçin, Türkiyənin kənd təsərrüfatı nazirinin müavini Mehmet Daniş və FAO-nun baş katibi Jose Qratsiano Da Silva ilə görüşlər keçirib. Görüşlərdə kənd təsərrüfatının müxtəlif sahələri, birgə aqrar sənaye komplekslərinin yaradılması, idxal və ixracın təşviqi, aqrar sahədə yeni layihələrin həyata keçirilməsi üzrə növbəti addımların müəyyən olunması və əməkdaşlığın perspektivləri müzakirə olunub.