İQTİSADİYYAT
“Kənd Yerlərinin Kompleks İnkişaf Layihəsi”nin icrası müzakirə olunub
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Kənd Təsərrüfatı üzrə Beynəlxalq Fondun (İFAD) ölkəmizə yeni təyin olunmuş proqram rəhbəri Terek Kotb və sabiq proqram rəhbəri xanım Dina Saleh ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşün məqsədi İFAD-la ikitərəfli əməkdaşlıq əlaqələrinin və “Kənd Yerlərinin Kompleks İnkişaf Layihəsi”nin icrasının sürətləndirilməsi məsələsinin müzakirəsi olub.
Nazir müavini Seyfəddin Talıbov İFAD-la əlaqələrin uzun bir tarixə malik olduğunu, ölkəmizdə aqrar sektorda qazanılan nailiyyətlərdə beynəlxalq təşkilatların, o cümlədən İFAD-ın rolunu diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanda əhalinin 38 faizi kənd yerlərində yaşayır. Bu baxımdan beynəlxalq təşkilatlarla birgə həyata keçirilən layihələr kənd yerlərinin inkişafına, əhalinin sosial vəziyyətinin və məşğulluq səviyyəsinin yüksəlməsinə xidmət edir.
Seyfəddin Talıbov yeni layihələrin həyata keçirilməsində İFAD-la əlaqələrin uzun müddət davam edəcəyinə ümidvar olduğunu bildirib.
İFAD-ın sabiq proqram rəhbəri xanım Dina Saleh Azərbaycanın regionda strateji rolunu qeyd edib və fəaliyyəti dövründə həyata keçirilən layihələrin verdiyi səmərədən razı qaldığını söyləyib. Dina Saleh ölkəmizdən xoş təəssüratla ayrıldığını vurğulayıb.
İFAD-ın ölkə üzrə yeni təyin olunmuş proqram rəhbəri Terek Kotb Azərbaycanın qədim tarixə malik, qonaqpərvər ölkə olduğunu və respublikamızda nümayəndə təyin edilməsindən şərəf duyduğunu bildirib. Fəaliyyəti dövründə Azərbaycanda yeni layihələrin həyata keçirilməsində maraqlı olduğunu və həmçinin yaxın zamanlarda heyvandarlıq sahəsi üzrə yeni layihənin başlanmasını diqqətə çatdırıb. O, bundan sonra da ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.