REGİONLAR
Kənd əhalisinin gəlirlərində fındıqçılıq böyük rol oynayır VİDEO
Zaqatala, 18 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Fındıqçılıq Zaqatala rayonunda tarixən inkişaf etmiş təsərrüfat sahələrindəndir. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindən biri hesab olunur və bu sahəyə maraq ildən-ilə artır.
Rayonun Bəhmətli kəndində yaşayan digər ailələr kimi, Abduləziz Əhmədovun 6 nəfərdən ibarət ailəsinin büdcəsinin formalaşmasında da fındıqçılıq əsas rol oynayır. Kənd sakini AZƏRTAC-a müsahibəsində son dövrlər bu sahənin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən böyük önəm verildiyini və bu istiqamətdə həyata keçirilən tədbirlərin kənd əhalisi tərəfindən razılıqla qarşılandığını bildirib. A.Əhmədov deyib: “Fındıqçılıq çox gəlirli sahə olduğundan əhali fındıq bağlarını ildən-ilə genişləndirir. Mənim özümün ata-babadan qalma 2 hektar fındıq bağım var. Keçən il bağdan 2 tona yaxın məhsul götürdüm. Ötən mövsüm fındığın bir kiloqramının satış qiyməti 5-6 manat arasında dəyişib. Bu qiymət istehsalçıları tam qane edib. Mənim kimi, bir çox ailələrin büdcəsi ötən il məhz fındıqdan əldə etdiyimiz gəlir hesabına təmin olunub”.
O bildirib ki, hazırda Bəhmətli kəndində əhalinin istifadəsində 200 hektara yaxın fındıq bağı var. Bu bağların 40 hektarı son illərdə salınıb. Fındıqçılığın inkişafına göstərilən dövlət qayğısından ruhlanan kənd sakinləri 2016-cı ildə əlavə olaraq 100 hektar sahədə yeni fındıq bağları salıblar. Abduləziz Əhmədovun özü isə ötən il 8 hektar əlavə fındıq bağı salıb.
Yeni salınan bağlar 5-6 ildən sonra tam məhsul verəcək. Bu isə, öz növbəsində, əhalinin gəlirlərinin daha da artmasına, güzəranının yaxşılaşmasına, ixracın yüksəlməsinə səbəb olacaq.