MƏDƏNİYYƏT
“Kənd namusu” operası alman sənətkarlarının quruluşunda
Bakı, 10 fevral, AZƏRTAC
Fevralın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyetro Maskanyinin “Kənd namusu” operasının premyerası olacaq.
AZƏRTAC xəbər verir ki, teatrın rəhbərliyi əsərin səhnələşdirilməsi üçün Almaniya opera sənətinin tanınmış simalarını dəvət edib.
Operanın quruluşçu rejissoru Almaniyadan dəvət edilmiş Lüdviq Bauman, dirijoru Korneliya fon Kerssenbrofkdur.
Uzun illər Münhen Opera və Balet Teatrında vokalçı və quruluşçu rejissor kimi çalışan Lüdviq Bauman hazırda Bavariya Opera festivalının rəhbəridir.
Korneliya fon Kerssenbrofk isə Bavariya Opera Festivalının bədii rəhbəri və baş dirijorudur.
Operanın libretto müəllifi Q.Tarconi-Tosetti və Q.Menaşidir. Operanın əsas qəhrəmanları - öz məhəbbətinə hədsiz dərəcədə sədaqətli olan Santutsa, yüngül xasiyyətli, şıltaq Lola, ehtiraslı Turiddu və öz rəqibindən amansız qisas alan Alfiodur. Operanın İtaliya xalq mahnılarının əsasında qələmə alınmış musiqisi əsərin kəskin süjet xəttinə uyğun olub, qəhrəmanların xarakterinin daha aydın şəkildə açılmasına yardım edir.
“Kənd namusu” operasının premyerasında Xalq Artisti Qərinə Kərimova, əməkdar artistlər Fərid Əliyev, Səbinə Əsədova, Səbinə Vahabzadə, həmçinin Anton Ferştandt da çıxış edəcəklər.
Xormeyster əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeyster Roza Məmmədovadır.