REGİONLAR
Kənd qəbiristanlığındakı muzey ziyarətçilərin marağına səbəb olur
Yevlax, 21 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Yevlax rayonu Yəldili kənd qəbiristanlığındakı muzey ziyarətçilərin marağına səbəb olur.
Yəldili kənd sakini Səttar Pənahlı AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, muzey 1969-1972-ci illərdə kəndin ziyalısı İlyas Daşdəmirovun təşəbbüsü ilə yaradılıb. Yerli sakinlərin beynəlxalq muzey adlandırdıqları bu məkanda Praqa, Kerç, Kiyev, Moskva, Stalinqrad, Sevastopol, Odessa, Novorossiysk şəhərlərindəki qardaşlıq məzarlıqlarından gətirilmiş torpaq nümunələri, yüzlərlə kitab, albomlar, qəzet və jurnallar saxlanılır. “Ölməzlik”, “Əbədiyyət”, “Onların həyat yolu” adlı albomlarda Böyük Vətən müharibəsinə və müharibə zamanı həlak olanlara aid şəkillər, məktublar və sənədlər yer alıb. Muzeyi əsasən qəbiristanlığa gələnlər ziyarət edirlər.
Muzey yaradılarkən qəbiristanlıqda geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi qurulub, söhbətgahlar yaradılıb. Xiyabana çevrilən qəbiristanlıqda müxtəlif dinlərin və millətlərin nümayəndələri dəfn olunub, abidələr inşa edilib.
Bakı-Qazax avtomagistralının kənarında yerləşən Yəldili kənd qəbiristanlığı və buradakı muzey xalqımızın tolerantlığını göstərən məkan kimi turistlər üçün də maraqlı ola bilər.