REGİONLAR
Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi qarşıda duran əsas vəzifələrdəndir VİDEO
Xaçmaz, 6 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 6-da Xaçmaz rayonunda “Yaz tarla işlərinə hazırlıq və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi üçün qarşıda duran vəzifələr” mövzusunda regional müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən müşavirədə nazirliyin Bitkiçilik şöbəsinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, “Aqrolizinq” ASC-nin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, Quba, Qusar, Xaçmaz, Şabran və Xızı rayonlarından olan 300-ə yaxın fermer və sahibkar iştirak edib.
Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev ölkə başçısı tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğı, bu istiqamətdə görülən işlər, subsidiyaların verilməsində şəffaflığın təmin edilməsi və digər məsələlər barədə müşavirə iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra nazirliyin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov “Yaz tarla işlərinin vaxtında və keyfiyyətlə aparılmasının kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsində rolu” mövzusunda təqdimatla çıxış edərək, kənd təsərrüfatı bitkiləri üçün tövsiyə olunan müasir becərmə texnologiyalarının tətbiqinin vacibliyindən danışıb. Çıxışda payızlıq taxıl sahələrinə yemləmə gübrələrinin verilməsi, alaq otlarına qarşı mübarizə və digər torpaq becərmə işlərinin optimal müddətdə aparılmasının gələcək yüksək məhsulun təməlinin qoyulmasında mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Tədbirdə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov “Taxıl toxumçuluğu sahələrində aqrotexniki qulluq işlərinin təşkili” mövzusunda təqdimatla çıxış edərək, məhsul istehsalçılarının toxumluq sahələrə gübrələrin verilməsi və alaq otlarına qarşı səmərəli mübarizə aparılması üsulları barədə danışıb.
Müşavirdə taxıl toxumçuluğu, zərərli orqanizmlərlə mübarizə tədbirlərinin düzgün təşkili və texniki təminatın yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər barədə də məlumat verilib.
Regional müşavirə tarla şəraitində payızlıq taxıl sahələrinə yemləmə gübrələrinin verilməsi, alaq otlarına qarşı kimyəvi mübarizə və səpinqabağı becərmədə istifadə olunan müxtəlif təyinatlı, müasir kənd təsərrüfatı texnikalarının əyani şəkildə nümayişi ilə davam etdirilib.
Fermerləri maraqlandıran məsələlər onlara ətraflı izah olunub, qarşılıqlı fikir mübadiləsi aparılıb, əkin sahələrinin lazımi səviyyədə becərilməsi üçün müvafiq tövsiyələr verilib.