İQTİSADİYYAT


Kənd təsərrüfatı idarələrinin əməkdaşları təlimlərə cəlb olunublar

Bakı, 23 may, AZƏRTAC

Mayın 23-dən 25-dək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin inzibati binasında beynəlxalq və yerli ekspertlərin iştirakı ilə xüsusi təlimlər keçirilir.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, təlimlərə Ağstafa, Balakən, Bərdə, Goranboy, Göygöl, Hacıqabul, Xaçmaz, İsmayıllı, Quba, Lənkəran, Sabirabad, Salyan, Şəki, Şəmkir, Ucar və Zaqatala kənd təsərrüfatı idarələrinin əməkdaşları qatılıblar.

Təlimlər “Müxtəlif mənbələr əsasında məkan məlumatlarının yenilənməsi”, “Məkan məlumatlarının keyfiyyətinin yoxlanılması prosedurları”, “GPS cihazları, ölçmə metodları və dəqiqlik”, “GPS ölçmələrinin işlənməsi”, “Məsafədən zondlama ilə yoxlama” və “Torpaq sahələrinin işlənməsi (identifikasiya) və subsidiya üçün ərizələrin verilməsində torpaq üzərində əkinlərin bəyan edilməsi” (LPİS) mövzularını əhatə edir.

Tədbirdə nazirliyin aparat rəhbəri İlham Bayramov çıxış edərək bildirib ki, “Elektron kənd təsərrüfatı” informasiya sisteminin (EKTİS) yaradılması prioritet vəzifə olaraq Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin ana xətlərindən birini təşkil edib və 3 illik fəaliyyət qrafikinə uyğun olaraq layihənin müvafiq komponentlərinin icrası üçün zəruri tədbirlər reallaşdırılıb. EKTİS layihəsi çərçivəsində İKT infrastrukturu və korporativ şəbəkə sistemi qurulub, zəruri İT avadanlıqları təmin edilib, yeni ortofoto planlar və torpaqların coğrafi məlumatlar bazası yaradılıb, Subsidiya və Siyasətə dair İnformasiya Sistemi (SSİS) hazırlanıb, müvafiq istifadəçi təlimatları tərtib olunub və idarələrin əməkdaşlarına bir sıra funksional proseslər üzrə təlimlər keçirilib.

“SSİS-də kənd təsərrüfatı məhsulları istehsalçılarının (fermerlər) reyestri aparılmaqla, Azərbaycan Respublikasının inzibati ərazi dairələrinin sərhədləri, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin kəmiyyət, keyfiyyət göstəriciləri, ortofoto planlar, kənd təsərrüfatı sahəsində dövlət büdcəsinin vəsaiti hesabına yardım alan və dövlət tərəfindən tətbiq olunan güzəştlərdən istifadə edən fiziki və hüquqi şəxslər barədə məlumatlar, fermer təsərrüfatları, onların identifikasiya nömrələri, ünvanı, fəaliyyət istiqamətləri, kənd təsərrüfatı məhsulları istehsalçılarına ayrılan subsidiyaların növləri, məbləği və ödəniş tarixləri, həmçinin digər məlumatlar saxlanılacaq və idarə ediləcək”, - deyə aparat rəhbəri vurğulayıb.

Təlimlərdən sonra kənd təsərrüfatı idarələrinin əməkdaşları aldıqları bilgilərə əsasən respublikanın bölgələrində yerli mütəxəssislərə treninqlər keçəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.