REGİONLAR
“Kənd təsərrüfatı ili”nə həsr olunmuş elmi-praktik konfrans
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 24-də Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Kənd təsərrüfatı ili”nə həsr olunmuş bakalavriat və magistrantların elmi-praktik konfransı keçirilib.
ADAU-dan AZƏRTAC-a bildiriblər ki, konfransda ali məktəbin rektoru, professor İbrahim Cəfərov universitetdə təhsil alan tələbələrin elmi-tədqiqat işləri aparmaları üçün lazımi şəraitin yaradılmasından, aqrar sektorda mövcud problemlərin həllinə dair görülən işlərdən, dövlətimizin başçısının aqrar sahəyə verdiyi önəmdən danışıb.
O, “Kənd təsərrüfatı ili” çərçivəsində aqrar sahədə gənclərin yaradıcı potensialından daha səmərəli istifadə olunmasının vacibliyini vurğulayıb.
Konfrans bakalavr və magistrantların məruzələri ilə davam etdirilib.
Qeyd edək ki, kənd təsərrüfatının inkişafına təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək üçün aqrar sahədə elmi-tədqiqatların genişləndirməsi və yeni tədqiqatlara gənclərin cəlb olunması məqsədilə ADAU-da bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.