İQTİSADİYYAT
Kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyəyə çıxışı asanlaşdırılacaq
Bakı, 26 aprel, AZƏRTAC
Kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyəyə çıxışının asanlaşdırılması məqsədilə geniş tədbirlər planı hazırlanır.
AZƏRTAC xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyində Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının icrası ilə əlaqədar keçirilən iclasda məlumat verilib.
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov iclasda çıxış edərək bildirib ki, dövlətimizin başçısının Sərəncamı “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin “Maliyyəyə çıxışın asanlaşdırılması” sərlövhəli 3-cü strateji hədəfində nəzərdə tutulmuş prioritetlər üzrə təfsilatlı və geniş tədbirlər planının hazırlanmasını zəruri edir. Nazir müavini belə bir tədbirlər planının hazırlanması üçün aidiyyəti dövlət orqanlarının, maliyyə təşkilatlarının da münasibət bildirməsinin vacibliyini vurğulayıb.
Digər qurumların nümayəndələri Sərəncamda qeyd edilmiş tədbirlərin həyata keçirilməsi ilə bağlı fikirlərini bildirib, müvafiq təkliflər səsləndiriblər.
İclasda nazirliyin mütəxəssisləri ilə yanaşı, Dövlət Neft Fondunun, İqtisadiyyat Nazirliyinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının və Mərkəzi Bankın nümayəndələri də iştirak edib.
Sonda nəzərdə tutulan tədbirlər planına dair yekun təkliflərin qısa müddətdə təqdim edilməsi razılaşdırılıb.