REGİONLAR


Kənd təsərrüfatı naziri Bərdədə vətəndaşlarla görüşüb VİDEO

A+ A

Bərdə, 27 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görürlər.

AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı naziri Heydər Əsədov yanvarın 27-də Bərdə Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Bərdə, Ağcabədi, Ağdam, Tərtər və Laçın rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl nazir Heydər Əsədov və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyublar.

Nazir Heydər Əsədov Bərdə Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında yaradılan şəraitlə tanış olub, Dövlət Toxum Müfəttişliyinin Diaqnostik kabinetinə, Dövlət Fitosanitar Nəzarəti Xidmətlərinin Avropanın ən müasir avadanlıqları ilə təchiz olunmuş laboratoriyasına baxış keçirib. Bildirilib ki, burada yaradılan şərait rayonda aqrar sahə ilə bağlı problemlərin həllinə töhfə verəcək.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 40-a yaxın vətəndaşın müraciətinə baxılıb. Qəbula gələn vətəndaşlar əsasən fermerlərə güzəştli kreditlərin verilməsi, torpaq mübahisələrinin həllinə kömək göstərilməsi, pambıq əkini, ixtisasa uyğun işlə təminat və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyib, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Nazir Heydər Əsədov, həmçinin “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə də görüşüb. Məlumat verilib ki, Bərdə, Ağdam, Ağcabədi, Tərtər və digər ətraf rayonlardan olan 115 istifadəçiyə lizinq yolu ilə verilmiş ümumilikdə 2 milyon 886 min 205 manat məbləğində 172 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 1 milyon 83 min 149 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi komissiyanın qərarı ilə tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 45 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib, vətəndaşlara müvafiq sənədlər təqdim edilib. Eyni zamanda, “Aqrolizinq” ASC əməkdaşları lizinq yolu ilə əldə etdikləri kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərdən güzəşt üçün elektron ərizələri qəbul ediblər.

İndiyədək “Aqrolizinq” ASC-dən 7115 istifadəçinin lizinqə götürdüyü 15 min 964 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına ümumilikdə 92 milyon 191 min 543 manat məbləğində güzəşt tətbiq olunub.

Həmin gün Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin təşkil etdiyi səyyar xidmət zamanı Ağcabədi, Ağdam, Bərdə, Tərtər və Laçından olan 250-yə yaxın mexanizatorun vaxtı keçmiş sürücülük vəsiqələrinin dəyişdirilməsi həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.