REGİONLAR


Kənd təsərrüfatı naziri Qobustanda vətəndaşlarla görüşüb VİDEO

A+ A

Qobustan, 25 noyabr, Adil Ağayev, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı naziri Heydər Əsədov noyabrın 25-də Qobustanda rayon kənd təsərrüfatı idarəsinin inzibati binasında Qobustan, Abşeron, Şamaxı, İsmayıllı və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edib.

Əvvəlcə nazir Heydər Əsədov və rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 35 nəfərin müraciətinə baxılıb.

Müraciətlər əsasən ixtisasa görə işlə təminat, torpaqların təyinatının dəyişdirilməsi, cins mal-qaranın alınması, subsidiyaların verilməsi, texniki təminat və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bəzilərinin isə araşdırılması və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Nazir Heydər Əsədov “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə də görüşüb. Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində həyat keçirilən tədbirlərdən danışıb.

Aqrar sektorun lazımi texnika ilə təminatı istiqamətində hazırda heç bir problemin olmadığını bildirən Heydər Əsədov vurğulayıb ki, indiyədək “Aqrolizinq” ASC-dən ölkə üzrə 6743 istifadəçinin lizinqə götürdüyü 15 min 463 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına, ümumilikdə, 87 milyon 365 min 73 manat məbləğində güzəşt tətbiq edilib.

Tədbirdə Qobustan, Abşeron, Şamaxı, İsmayıllı, Qəbələ, Ağsu və digər ətraf rayonlardan olan 68 istifadəçiyə lizinq yolu ilə 109 ədəd müxtəlif kənd təsərrüfatı texnikası verilib və ümumilikdə, 1 milyon 591 min 255 manat məbləğində olan bu texnikalara görə vətəndaşlara 597 min 427 manat məbləğində güzəşt tətbiq olunub. Xüsusi komissiyanın qərarına əsasən tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələri bağlanılıb. O cümlədən güzəşt tətbiq edildikdən sonra 24 ədəd müxtəlif kənd təsərrüfatı texnikası istifadəçilərin mülkiyyətinə verilib və onlar Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınıb. Müvafiq sənədlər vətəndaşlara təqdim olunub.

Eyni zamanda, “Aqrolizinq” ASC-nin əməkdaşları lizinq yolu ilə əldə etdikləri kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəyən istifadəçilərdən güzəşt üçün elektron ərizələr qəbul ediblər.

Tədbir çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyində fəaliyyət göstərən “səyyar xidmət” qrupu tərəfindən Qobustan, Abşeron, Şamaxı, İsmayıllı, Qəbələ və Ağsu rayonları üzrə kənd təsərrüfatı texnikasını idarə edən sürücülərin müddəti bitən köhnə vəsiqələri elektron qaydada dəyişdirilərək yenisi ilə əvəzlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.