REGİONLAR


Kənd təsərrüfatı naziri Şamaxıda vətəndaşları qəbul edib

Şamaxı, 14 iyul, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görürlər.

AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı naziri Heydər Əsədov iyulun 14-də Şamaxı Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Qəbələ, İsmayıllı, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir Heydər Əsədov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyublar.

Nazir Heydər Əsədov Şamaxı Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binası, həmçinin Dövlət Fitosanitar və Baytarlıq Nəzarəti Xidmətləri üçün yaradılan şəraitlə tanış olub, ən müasir texnika və texnoloji avadanlıqla təchiz olunmuş aqrokimya laboratoriyasına baxış keçirib. Bildirilib ki, burada yaradılan şərait rayonda aqrar sahə ilə bağlı problemlərin həllinə töhfə verəcək.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 30-dan çox vətəndaşın müraciətinə baxılıb. Qəbula gələn vətəndaşlar əsasən subsidiya, torpaqdan istifadə və texnikalarla təminat, ixtisasa uyğun işə qəbul və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Nazir Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya, kənd təsərrüfatı sahəsində mövcud problemlərin mütəmadi olaraq həll edilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Nazir Heydər Əsədov, həmçinin “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə də görüşüb. Məlumat verilib ki, Şamaxı, Ağsu, İsmayıllı və Qəbələ rayonlarından olan 21 istifadəçiyə lizinq yolu ilə verilmiş, ümumilikdə, 351 min 70 manat məbləğində 28 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 140 min 428 manat güzəşt tətbiq edilib. Xüsusi Komissiyanın qərarına əsasən, tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələri bağlanılıb, o cümlədən güzəşt tətbiq edildikdən sonra 5 ədəd müxtəlif kənd təsərrüfatı texnikası istifadəçilərin mülkiyyətinə verilib, Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınıb və müvafiq sənədlər vətəndaşlara təqdim olunub. Eyni zamanda, “Aqrolizinq” ASC əməkdaşları lizinq yolu ilə əldə etdikləri kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərdən güzəşt üçün elektron ərizələri qəbul ediblər.

İndiyədək 7740 elektron müraciət üzrə “Aqrolizinq” ASC-dən lizinqə götürülmüş 16 min 717 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına, ümumilikdə, 116 milyon 34 min 668,75 manat güzəşt tətbiq olunub.

Həmin gün nazir Heydər Əsədov Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin yeni gətirilmiş avadanlıqları ilə də tanış olub. Həmçinin Müfəttişliyin təşkil etdiyi səyyar xidmət zamanı Şamaxı, Ağsu, İsmayıllı və Qəbələdən olan 60-a yaxın mexanizatorun sürücülük vəsiqələrinin dəyişdirilməsi və texnikaların qeydiyyata alınması həyata keçirilib.

Nazir Heydər Əsədov daha sonra Qobustan Bölgə Təcrübə Stansiyasına gələrək Türkiyədən gətirilmiş müasir tələblərə cavab verən toxumtəmizləyici avadanlıqlara baxış keçirib, əkin sahələrində olub, yeni yetişdirilən, yüksək reproduksiyalı, məhsuldar toxum sortları ilə maraqlanıb, fermer və sahibkarlarla söhbət edərək müvafiq tapşırıq və tövsiyələrini verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.