REGİONLAR
Kənd təsərrüfatı naziri Siyəzəndə şimal bölgəsindən olan vətəndaşları qəbul edib VİDEO
Siyəzən, 19 avqust, Elxan Yusifli, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbul cədvəlinə uyğun olaraq, kənd təsərrüfatı naziri Heydər Əsədov avqustun 19-da Siyəzən şəhərində şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib.
AZƏRTAC xəbər verir ki, nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarından olan 34 nəfərin müraciətinə baxılıb.
Qəbula gələn vətəndaşların müraciətləri əsasən fermerlərə güzəştli kreditlərin verilməsi, əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, kənd təsərrüfatı texnikalarının alınmasına kömək göstərilməsi və texniki təminatın artırılması, pay torpaqları ilə bağlı yaranmış problemlərin həlli, örüş sahələrinə subsidiyaların verilməsi, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı olub.
Nazir Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.