REGİONLAR
Kənd təsərrüfatı naziri: Taxıl sahələrinin 45-50 faizində biçin artıq yekunlaşıb
Oğuz, 25 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Uzun müddət, 20-25 gün ərzində regionların əksəriyyətində aramsız yağışların yağması taxıl biçini prosesini bir qədər ləngitsə də artıq 10 gündür ki, sahələrdə genişmiqyaslı biçin aparılır. Hazırda bu prosesə 2300-2400-ə yaxın taxılbiçən kombayn cəlb olunub. Taxıl sahələrinin təxminən 45-50 faizində biçin artıq başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə müsahibəsində deyib.
Nazir qeyd edib ki, qurum tərəfindən tərtib edilən dislokasiya cədvəlinə görə, əvvəlcə Aran bölgəsində taxıl biçininə başlanmalı, daha sonra bu proses dağətəyi və dağlıq rayonlarda davam etdirilməli idi. “Yağıntılarla əlaqədar cədvəldə müəyyən sıxlaşma yaransa da artıq hər şey öz qaydası ilə gedir. Hava şəraiti belə davam edərsə, bundan sonrakı 10 gün ərzində taxıl sahələrinin 80 faizində, ondan sonrakı həftə ərzində isə tam olaraq biçin prosesini başa çatdırmağı planlaşdırırıq və buna da nail olacağıq”,- deyə o bildirib.