ELM VƏ TƏHSİL
Kənd təsərrüfatı sahəsində Azərbaycan-Çin əməkdaşlığından bəhs olunub
Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda kənd təsərrüfatı işçiləri günü münasibətilə “Azərbaycanda ipəkçilik və İpək yolu” mövzusunda elmi seminar keçirilib.
ADU-dan AZƏRTAC bildiriblər ki, tədbirdə kənd təsərrüfatı sahəsində Azərbaycan-Çin əməkdaşlığının perspektivlərindən danışan Konfutsi İnstitutunun ölkəmiz tərəfindən direktoru, professor Rafiq Abbasov Azərbaycan ipəyinin Çin mənşəli olduğunu deyib. O, ümummilli lider Heydər Əliyevin Şəki ipək kombinatında olduğunu xatırladıb, ölkəmizdə ipəkçiliyin inkişafına göstərilən dövlət dəstəyindən bəhs edib.
Seminarda çıxış edən Konfutsi İnstitutunun Çin tərəfindən müdiri xanım Li Jinhua Çin ipək mədəniyyəti və bu ölkənin ənənəvi ipəkçiliklə tanınan ən qədim Jecianq vilayəti haqqında məlumat verib.
Tədbir çərçivəsində Li Jinhua müxtəlif toxunuşlu Çin ipək parçalarının növləri və onlara qulluğun xüsusiyyətləri ilə bağlı ustad dərsləri keçib.
Seminarda ADU-nun beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbələri Azərbaycanın Şəki, Şamaxı, Bərdə və Qarabağ kimi tarixi ipək mərkəzləri haqqında məlumat verib, ölkəmizin ərazisindən keçən və ipək ticarətində mühüm rol oynayan karvan yollarının əhəmiyyətini vurğulayıblar.
Sonda Konfutsi İnstitutunun əməkdaşları Çin dilində şeirlər və mahnılar səsləndiriblər.