İQTİSADİYYAT
Kənd təsərrüfatı təyinatlı torpaq sahəsi satılarsa torpaq vergisinin 2 misli məbləğində vergi hesablanır
Bakı, 15 avqust, AZƏRTAC
Fiziki şəxs mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpağı satdığı halda, bu əməliyyatdan hansı vergi öhdəliyi yaranır?
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinin müddəalarına əsasən, torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notarius ödəmə mənbəyində vergini tutmağa borcludur.
Mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq, sadələşdirilmiş verginin ödəyiciləridir.
Odur ki, fiziki şəxsin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təqdim edilməsi zamanı alğı-satqı müqaviləsini təsdiq edən notarius tərəfindən həmin torpaq sahəsi üzrə hesablanmış torpaq vergisinin 2 misli məbləğində sadələşdirilmiş vergi hesablanır və satıcıdan tutulmaqla dövlət büdcəsinə ödənilir.