ELM VƏ TƏHSİL
Kənd təsərrüfatı torpaqlarının ekoloji qiymətləndirilməsi ilə bağlı elmi konfrans
Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 15-də Bakıda “Kənd təsərrüfatı torpaqlarının ekoloji qiymətləndirilməsinin regionların inkişafında və ekoloji balansın qorunmasında rolu” mövzusunda elmi konfrans keçirilib.
Tədbir Azərbaycan Milli Elmlər Akademiyası Aqrar Elmlər Bölməsi (AMEA AEB), Azərbaycan Torpaqşünaslıq Cəmiyyəti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (YBƏA) birgə təşkilatçılığı ilə reallaşdırılıb.
AZƏRTAC xəbər verir ki, alim və mütəxəssislərin iştirak etdikləri konfransda AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədov ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin kənd təsərrüfatı sahəsi ilə bağlı imzaladıqları sənədlərin əhəmiyyətini vurğulayıb.
Ölkəmizdə aqrar siyasətin inkişaf mərhələlərindən danışan akademik Q. Məmmədov bu sahədə qazanılan uğurları konkret faktlarla diqqətə çatdırıb. AEB-in akademik-katibi, eyni zamanda, kənd təsərrüfatı torpaqlarının ekoloji qiymətləndirilməsinin regionların inkişafında və ekoloji balansın qorunmasında rolu ilə bağlı fikirlərini bildirib.
AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkpərov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev, Eroziya və Suvarma İnstitutunun direktor müavini Zakir Əliyev, YBƏA-nın Azərbaycan üzrə proqram əlaqələndiricisi Nigar İsmayılova və digər çıxış edənlər əhəmiyyətli elmi yeniliklərin kənd təsərrüfatı sahəsinə tətbiqinin vacibliyindən bəhs ediblər.
Sonra mövzu üzrə geniş müzakirələr aparılıb.