REGİONLAR


Kənd təsərrüfatında kooperasiyanın inkişafı aqrar islahatların müasir mərhələsində prioritet vəzifədir

Bakı, 24 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin Sərəncamı ilə iyulun 14-də təsdiqlənmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” mütəxəssislər tərəfindən də yüksək dəyərləndirilir. Onların ümumi rəyi bundan ibarətdir ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin reallaşdırılması respublikamızda aqrar sektorun inkişafına əlavə təkan verəcək.

AZƏRTAC Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadənin aqrar islahatların müasir mərhələsində kənd təsərrüfatı kooperasiyasının üstünlükləri, bu sahədə dövlət siyasətinin əsas istiqamətləri barədə qeydlərini təqdim edir.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan postsovet məkanında aqrar sektorda bazar islahatlarının uğurla həyata keçirildiyi ilk ölkə olub. Həyata keçirilən aqrar islahatlar nəticəsində qısa müddət ərzində torpağın kəndlilərin şəxsi mülkiyyətinə verilməsi və aqrar sektorda bazar prinsiplərinin formalaşdırılması təmin edilib. Bununla da keçmiş SSRİ dövründə formal olaraq “kooperativ” modelinə əsaslanan, reallıqda isə bütünlüklə dövlət idarəetməsi əsasında fəaliyyət göstərən kolxozların, habelə rəsmi şəkildə dövlət müəssisələri olan sovxozların mülkiyyətindəki torpaqların, əmlakın və kənd təsərrüfatı heyvanlarının əhalinin şəxsi mülkiyyətinə verilməsi ilə ölkəmizdə tarixi ədalət bərpa olunub, insanların bazar iqtisadiyyatı şəraitində müxtəlif kooperasiya formalarında könüllü birləşmələri üçün başlıca zəmin yaranıb.

Hələ 1996-cı il iyunun 24-də “Respublikada aqrar islahatların gedişi vəziyyətinə və torpaq islahatı haqqında qanun layihəsinin müzakirəsinə həsr olunmuş müşavirə”də Ulu Öndər demişdi: “Torpaq islahatından sonra bir proses - təmərküzləşmə prosesi gedəcəkdir. Bəli, bu proses, şübhəsiz, gedəcəkdir. O şəxslər, o mülkiyyətçilər, yaxud torpağa bağlı olacaq, torpaqdan səmərəli istifadə edə biləcək ailələr bu işlə məşğul olacaqlar və onların ətrafında o xırda torpaq sahibləri də bəlkə birləşəcəklər. Amma bu, prosesin ikinci mərhələsidir. Bu, artıq təbii, obyektiv proses olacaqdır”.

Ulu Öndərin uzaqgörənliklə söylədiyi bu fikirlər zamanla öz təsdiqini taparaq, ölkənin sosial-iqtisadi inkişafının müasir mərhələsində obyektiv reallığa çevrilib. Belə ki, torpaq üzərində özəl mülkiyyət hüququ bərqərar olduqdan sonra ölkədə kənd təsərrüfatı məhsulları istehsalını bütünlüklə təmin edən fermerlər, ailə-kəndli təsərrüfatları, bir sözlə, aqrar sahədə fəaliyyət göstərən özəl sahibkarlar tərəfindən artıq kooperasiyaya əsaslanan biznes modelinə keçid səmərəli fəaliyyət üçün zəruri şərt kimi qəbul olunmağa başlanılıb.

Kənd təsərrüfatında kooperasiyanın inkişafı Prezident İlham Əliyev tərəfindən qəbul olunmuş siyasi qərarlar əsasında həyata keçirilən aqrar islahatların müasir mərhələsində prioritet vəzifələrdən biri kimi müəyyənləşdirilib.

Belə ki, dövlətimizin başçısının müvafiq tapşırıqlarının icrası çərçivəsində Azərbaycanda dayanıqlı əsaslara malik kənd yerlərinin inkişafı və ərzaq təhlükəsizliyi sisteminin təmin edilməsi siyasəti çərçivəsində bütövlükdə kənd təsərrüfatı kooperasiyasının inkişafı, o cümlədən kənd təsərrüfatı kooperativləri şəbəkəsinin formalaşdırılması baxımından əlverişli biznes mühitinin yaradılması istiqamətində kompleks islahatların aparılmasına başlanılıb.

“Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli Fərmanına əsasən, “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu hazırlanaraq 2016-cı il iyunun 14-də qəbul edilib. Həmçinin bu Qanunun tətbiqi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış 2016-cı il 18 iyul tarixli Fərmanla verilmiş tapşırığa əsasən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən, aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla, “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” hazırlanıb.

Dövlətimizin başçısının 2017-ci il 14 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş bu Dövlət Proqramı hökumətin kənd təsərrüfatında kooperasiyanın inkişafı ilə bağlı həyata keçirəcəyi tədbirləri, ümumiyyətlə, bu sahədə dövlət siyasətinin əsas istiqamətlərini və prinsiplərini əhatəli şəkildə özündə əks etdirir. Belə ki, Dövlət Proqramının məqsədi bir tərəfdən kənd təsərrüfatı məhsulları istehsalçılarının birgə təsərrüfatçılıq fəaliyyətini təşviq etmək, könüllülük əsasında kənd təsərrüfatı kooperativlərinin təşkilinə əlverişli şərait yaratmaq və kooperativlərin dayanıqlı fəaliyyətini təmin etməklə yanaşı, digər tərəfdən, ümumilikdə, aqrar sahədə kooperasiyanın formalaşmasına və inkişafına dəstək verməkdir.

Şübhəsiz ki, bu Dövlət Proqramı ölkədə fəaliyyət göstərən təsərrüfatların əksəriyyətinin kiçik olması səbəbindən mühüm əhəmiyyətə malikdir. Ötən dövrdəki təcrübə göstərir ki, kiçik torpaq sahibliyinin və kiçik təsərrüfatların kənd təsərrüfatı istehsalında xüsusi çəkisinin böyük olması hazırda bu sahənin rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə mane olan başlıca problemlərdən biridir. Kiçik təsərrüfatların təşkilatlanma səviyyələrinin çox aşağı olması onların istər resurslara olan tələbatlarının ödənilməsində, istərsə də bazara çıxış məsələsində böyük çətinliklər yaradır. Kiçik təsərrüfatların üstünlük təşkil etməsi, ümumilikdə, kənd təsərrüfatı istehsalında müasir texnologiyalardan və təkmilləşdirilmiş istehsal vasitə¬lərindən istifadə səviyyəsinin aşağı olmasını şərtləndirir. Bununla da dövlətin kənd təsərrüfatı sahəsində stimullaşdırma tədbirlərinin səmərəliliyinin aşağı düşməsinə səbəb olur.

Bu baxımdan, kənd təsərrüfatı sahəsində kooperasiya, ilk növbədə, fermerlərin özlərinin inkişafını təmin etmək üçün mühüm əhəmiyyətli alətdir. Kooperasiya fermerlərə öz məhsullarını “emal-satış” zəncirindən keçirməklə bir başa son istehlakçıya çatdırmağa və real iqtisadi güc qazanmağa imkan verən ideal vasitə sayılır. Satış kooperativləri fermerlər üçün təbii antiinhisar mexanizmi olmaqla ailə təsərrüfatlarının maraqlarını təmin edir, onların istehsal etdikləri məhsulları reallaşdırmaq üçün alternativ satış kanalları formalaşdırır, məhsulların qiymətinin bazar kortəbiiliyinin təsiri altında kəskin enməsinə qarşı sığorta mexanizmləri yaradır.

Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, aqrar islahatların müasir mərhələsində kənd təsərrüfatı sahəsində kooperasiyanın inkişafı prioritet vəzifə kimi müəyyən olunmaqla yanaşı, həm də bu islahatların mühüm tamamlayıcı nəticəsi kimi çıxış edir. Belə ki, dünya təcrübəsi göstərir ki, kənd təsərrüfatı kooperasiyasının zəruri inkişaf səviyyəsinə yüksəlməsi yalnız adekvat bazar mühitinin olduğu, başqa sözlə, təkmil bazar münasibətlərinin formalaşdığı şəraitdə mümkündür.

Bu baxımdan aqrar islahatların müasir mərhələsində kənd təsərrüfatı kooperasiyasının inkişafı üçün əlverişli mühit formalaşmaqdadır. Belə ki, dövlətimizin başçısı tərəfindən verilmiş fərman və sərəncamlar əsasında aqrar islahatın müasir mərhələsi çərçivəsində görülən işlər kənd təsərrüfatı kooperasiyasının inkişafına da öz müsbət təsirini göstərəcək. Bu istiqamətlərdə həyata keçirilən məqsədyönlü tədbirlərdən aşağıdakıları xüsusilə qeyd etmək olar:

- kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun köklü şəkildə inkişaf etdirilməsi;

- istehsalçıların müvafiq istehsal vasitələri, habelə maliyyə resursları ilə təminatının gücləndirilməsi;

- kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən dövlət dəstəyi tədbirlərinin əhatə dairəsinin və həcminin genişləndirilməsi;

- kənd təsərrüfatı məhsullarının emalı sənayesinin inkişaf etdirilməsi;

- dəyər zəncirinin həlqələri üzrə kənd təsərrüfatı məhsullarının istehsal potensialının artırılması.

Bütün bu tədbirlər ölkəmizdə kənd təsərrüfatı kooperasiyasının inkişafı üçün mühüm şərait yaradır. Məsələn, emal sənayesinin inkişafı sayəsində kənd təsərrüfatı kooperasiyasının formalarından biri kimi çıxış edən “müqaviləyə əsaslanan kənd təsərrüfatı istehsalı” sisteminin ölkəmizdə də tətbiqi təcrübəsi yaranıb. Azərbaycanda “müqaviləyə əsaslanan kənd təsərrüfatı istehsalı”na nümunə kimi müvafiq şirkətlər tərəfindən şəkər çuğunduru, pambıq, tütün, barama və çay istehsalı sahəsində tətbiq olunan müsbət təcrübəni qeyd etmək olar. Son dövrlər ənənəvi sahələr olan pambıqçılıq, tütünçülük və baramaçılığın inkişafı istiqamətində görülən tədbirlər hesabına emal sənayesi müəssisələrinin fəaliyyətinin artırılması nəticəsində “müqaviləyə əsaslanan kənd təsərrüfatı istehsalı” sisteminin tətbiqi də tədricən genişlənməyə başlayıb. Bununla da minlərlə kiçik təsərrüfatlar iri biznes subyektləri ilə effektiv kooperasiya şəraitində fəaliyyət göstərməklə əlavə dəyər yaratmaq imkanını artırmış olurlar.

Oxşar qaydada kənd təsərrüfatı məhsulları istehsalçılarına aqroservis xidmətləri göstərən biznes şəbəkəsinin özəl sektor hesabına genişlənməsi, yaxud da kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişafı və müasir standartlar əsasında fəaliyyət göstərən yeni bazar institutlarının yaranması kənd təsərrüfatı kooperasiyasının inkişafı üçün zəruri baza şərtləri kimi çıxış edir.

Beləliklə, aqrar islahatların müasir mərhələsində ölkəmizdə kənd təsərrüfatı kooperasiyasının inkişafı üçün yeni imkanlar yaranır ki, bu da öz növbəsində islahatların uğurla davam etdirilməsinə şərait yaradan daha bir amildir.

Firdovsi Fikrətzadə

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.