REGİONLAR
Kənd təsərrüfatında sığorta sisteminin tətbiqi məsələsi müzakirə edilib
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşün məqsədi aqrar sahədə sığorta risklərinin “SWISS Re” şirkəti tərəfindən təkrar sığortası ilə bağlı fikir mübadiləsinin aparılması olub.
Nazir Heydər Əsədov iqtisadiyyatın əsas prioritet sahəsi olan kənd təsərrüfatında sığorta sisteminin tətbiqinin vacibliyini qeyd edib və bu sahədə əməkdaşlığa önəm verdiyini bildirib.
Martin Parker rəhbərlik etdiyi şirkət barədə ətraflı məlumat verərək bu şirkətin yeni innovasiyalar, yeni xidmətlərlə məşğul olduğunu vurğulayıb, dünyada olan fəlakətlərin ( su daşqınları, quraqlıq, zəlzələlər, güclü küləklər) 75 faizinin sığortalanmadığını, kənd təsərrüfatına böyük ziyanın dəydiyini, lakin ödənişin dövlət tərəfindən aparıldığını bildirib. Qonaq bu şirkətin sığorta sahəsində böyük təcrübəyə malik olduğunu və dünyanın bir sıra ölkələrində həmin bu sistemin tətbiq edildiyini, Azərbaycan ilə də bu sahədə əməkdaşlığa önəm verdiyini qeyd edib.
Heydər Əsədov kənd təsərrüfatında əsas iki təbii fəlakətin - quraqlıq və yoluxucu xəstəliklərin ziyan vurduğunu bildirərək sığorta sahəsində olan boşluqların aradan qaldırılması məqsədilə “SWISS Re” şirkəti tərəfindən texniki köməkliyin göstərilməsi, sığorta sahəsində hüquqi bazanın yaradılması istiqamətlərində bu qurumun təcrübəsindən istifadə olunmasını və gələcək birgə fəaliyyət üçün işçi qrupunun yaradılmasını məqsədəuyğun hesab edib.