İQTİSADİYYAT
Kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam aqrar sektorun qarşısında yeni üfüqlər açır
Bakı, 12 aprel, AZƏRTAC
Kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, aqrar sığortanın inkişaf etdirilməsi və aqrar sahəyə investisiya qoyuluşlarının təşviqi məqsədilə Azərbaycan Respublikasının Prezidenti 11 aprel 2017-ci il tarixli "Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti, iqtisad üzrə fəlsəfə doktoru Ramil Hüseyn AZƏRTAC-a bildirib ki, Sərəncam "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin icrasına böyük töhfə verəcək və bu istiqamətdə görülən işlərin sürətlənməsinə səbəb olacaq. İİTKM eksperti hesab edir ki, Strateji Yol Xəritəsində aqrar sahədə maliyyəyə çıxışın asanlaşdırılması üçün 3 prioritet istiqamət - aqrar sahədə maliyyələşmə mexanizminin təkmilləşdirilməsi, aqrar sığortanın inkişaf etdirilməsi və kənd təsərrüfatına yerli və eləcə də xarici investisiyaların cəlb edilməsinin stimullaşdırılması müəyyənləşib.
Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə yanaşı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Maliyyə nazirliklərinin də qarşısına mühüm məsələlər qoyulub. İndiki halda isə bu prosesin sürətləndirilməsi baxımından Baş nazir Artur Rasizadənin sədrlik etdiyi Maliyyə Sabitliyi Şurasına konkret tapşırıqların verilməsi mühüm əhəmiyyətə malikdir. Maliyyə Sabitliyi Şurası aqrar sahədə maliyyəyə çıxışın asanlaşdırılması üçün 1 ay müddətində daha təfsilatlı və geniş tədbirlər planını hazırlayaraq təsdiq edəcək. Bu isə kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə resursları ilə təminat səviyyəsinin yüksəldilməsi və bu sahədə qarşıya çıxacaq risklərin düzgün qiymətləndirilməsi üzrə mexanizmlərin təkmilləşdirilməsi prosesinin sürətli həllinə xidmət edəcək.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ekspertinin qənaətincə, Strateji Yol Xəritəsində qeyd edilən məsələlərin həlli ilə bağlı Maliyyə Sabitliyi Şurasının qarşısına qoyulan tələblər vaxtında verilmiş qərardır və Sərəncam ümumilikdə kənd təsərrüfatının inkişafına xidmət edəcək.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.