REGİONLAR
Kənd təsərrüfatının ixracı və sənaye məhsullarının ixracı gələcəkdə iqtisadiyyatımızın əsas hərəkətverici qüvvəsi olacaq
Bakı, 11 aprel, AZƏRTAC
Aqroparklar da artıq Azərbaycanda yaradılır. Bu da çox gözəl təşəbbüsdür. Birinci aqroparkın təməli artıq qoyuldu. İri fermer təsərrüfatlarının, taxılçılıqla məşğul olan təsərrüfatların fəaliyyəti genişləndirilir. Pilot layihəsi özünü doğrultdu. Pilot layihəsində məhsuldarlıq 55 sentner idi, - halbuki ölkə üzrə bu rəqəm haradasa 24, bəzi yerlərdə 25-26 sentnerdir, - yəni, iki dəfədən çoxdur. Ona görə də biz bu pilot layihələrini, bu təcrübəni bütün başqa sahələrə də yaymalıyıq ki, məhsuldarlıq artsın. Əgər biz buna nail olsaq, onda mövcud torpaqlarla taxıla, buğdaya olan tələbatımızı özümüz təmin edəcəyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun nitqində söyləyib.
Dövlətimizin başçısı deyib: “Ümumiyyətlə, ixrac - kənd təsərrüfatının ixracı və sənaye məhsullarının ixracı gələcəkdə iqtisadiyyatımızın əsas hərəkətverici qüvvəsi olacaqdır. Çünki ixrac ölkəyə valyuta resurslarını gətirir. Bizim valyuta resurslarının mənbəyi neft-qazdır. Elə etməliyik ki, ərzaq məhsulları, sənaye, tikinti materialları, hazır məhsullar istehsal edək, ixrac edək və biz bu yolla gedəcəyik”.