REGİONLAR
Kənd təsərrüfatının kompleks inkişafında ixtisaslı kadrların xüsusi rolu var
Sabirabad, 5 aprel, Mahir Babayev, AZƏRTAC
Sabirabadda Azərbaycan Dövlət Aqrar Universiteti və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən maarifləndirici tədbirdə ixtisaslı kadrların aqrar sektorun inkişafında rolundan danışılıb.
AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı mütəxəssislərinin, ictimaiyyət nümayəndələrinin və məktəblilərin iştirakı ilə keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov dövlətimizin başçısının aqrar sektorun inkişafına göstərdiyi qayğıdan, bununla bağlı imzaladığı fərman və sərəncamlardan söz açıb.
Qeyd edilib ki, ölkəmizə gətirilən müasir kənd təsərrüfatı texnikaları, istehsalçılara subsidiyaların və mineral gübrələrin güzəştlərlə verilməsi aqrar sektorun kompleks inkişafına stimul yaradır. Əsasən aqrar rayon olan Sabirabadda bir çox kənd təsərrüfatı məhsulları yetişdirilir. Heyvandarlıq, taxılçılıq, pambıqçılıq, bostançılıq, bağçılıq və baramaçılıq sakinlərin əsas məşğuliyyəti hesab olunur. Bu sahələrin inkişafında yüksəkixtisaslı mütəxəssislərin rolu danılmazdır.
Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru Nizami Seyidəliyev kənd təsərrüfatının kompleks inkişafında ixtisaslı kadrlara ciddi ehtiyac olduğunu diqqətə çatdıraraq bildirib ki, indi ölkəmizdə baytar həkimlərə, aqronomlara, habelə digər kənd təsərrüfatı mütəxəssislərinə ciddi ehtiyac var. Aqrar Universitetdə müasir tələblərə cavab verən kadrların hazırlanması üçün bütün zəruri şərait yaradılıb. Universitetdə köklü struktur islahatları aparılıb, idarəetmə metodu yenilənib, yeni infrastruktur qurulub.
Universitetin tələbə yataqxanasında yaradılan şəraitdən danışan N.Seyidəliyev sabirabadlı gənclərin bu universitetdə təhsil almağa üstünlük verməsini arzulayıb.
Tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.