MƏDƏNİYYƏT
Kənd turizmi mövzusunda Latviyaya təlim səfəri
Bakı, 24 noyabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) əməkdaşlığı çərçivəsində Göygöl Milli Parkının ətrafında yerləşən kəndlərdə turizmin təşviqinə hədəflənmiş pilot layihə həyata keçirilir. Layihə cəmiyyətin Cənubi Qafqazda Özəl Sektorun İnkişafı Proqramına uyğun reallaşdırılır. İlk olaraq kəndlərdə evlərini turistlərə kirayə verən sahibkarlar üçün Latviyanın Kənd Turizm Assosiasiyasının (“Lauku Celotajs”) eksperti Yuris Smalinskis tərəfindən “Kənd turizminin inkişafında beynəlxalq təcrübə” mövzusunda ilk təlim başa çatıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu tədbirin davamı olaraq təlim iştirakçıları üçün noyabrın 13-dən 19-dək Latviyaya səfər təşkil olunub. Səfərin əsas məqsədi “Lauku Celotajs”ın kənd qonaq evlərinin sahibləri ilə əməkdaşlıq təcrübəsini öyrənmək və turizm xidmətlərinin çeşidi barədə məlumat toplamaqdan ibarətdir. Səfərə, həmçinin nazirliyin turizm şöbəsinin, “Kənd yaşıl turizminin inkişafına dəstək” İctimai Birliyinin, “Baku Travel Tourism” MMC-nin nümayəndələri qatılıblar.
“Lauku Celotajs”ın prezidenti xanım Asnate Ziemele tərəfindən qəbul edilən səfər iştirakçıları assosiasiyanın çoxsahəli fəaliyyəti barədə dolğun məlumat əldə ediblər. Daha sonra onlar Latviyanın əsas tarixi və mədəni regionlarından biri sayılan Vidzeme əyalətində yerləşən Gauja Milli Parkının ərazisində yerləşən qonaq evlərində və digər turizm müəssisələrində olublar.
Gəlinən nəticələr iştirakçılar arasında müzakirə edilib və kənd qonaq ev sahiblərinin bacarıqlarının artırılması məqsədilə GIZ tərəfindən növbəti təlimlər barədə razılaşma əldə olunub.