REGİONLAR
Kəndlərdə yaşayan gənclər təlimlərə cəlb olunub
Bakı, 21 sentyabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyini dəstəyi ilə Gənclər Təşkilatları Milli Şurası tərəfindən təşkil olunan “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda maarifləndirmə tədbirləri keçirilib. “Yerli” Proqramı icra hakimiyyətləri və Gənclər və İdman idarələrinin təşkilatçılığı ilə Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının 15 kəndini əhatə etməklə, 140 gəncin iştirakı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, “Yerli” Kənd Gənclərinin İnkişafı Proqramının məqsədi kəndlərdə yaşayan gənclərlə işin bir istiqamət kimi təbliğatının aparılması, gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması, bilik və bacarıqlarının üzə çıxarılması, kəndlərdə insan resurslarının inkişafına təkan verilməsidir.
Quba və Qusar rayonlarında təşkil olunan “Erudit” region gənclərinin intellekt festivalı ARGTMŞ-ın üzvü olan “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilib. Tədbir kənd gənclərini intellektual oyunlara cəlb etmək, Azərbaycan tarixinin gənclər arasında təbliği və asudə vaxtının səmərəli keçirməsi məqsədilə təşkil olunub. Festivalda Quba rayonunun Ağbil, Aşağı Atuc, Aşağı Xuc, Əlibəyqışlaq, Dəlləkli, Yeni Güləzi, Vladimirovka və Qusar rayonunun Balaqusar, Həsənqala, Bədirqala kəndlərindən 80 gənc iştirak edib.
Xaçmaz, Şabran və Siyəzən rayonlarında təşkil olunan təlimlərdə isə ümumilikdə, 60 gənc iştirak edib. Kəndlərdə keçirilən təlimlər “Karyera planlaşdırılması və ixtisas seçimi” mövzusunu əhatə edib. Təlimlər zamanı gənclərə qeyd olunan mövzu ətrafında ixtisas seçərkən diqqət edilməli məqamlar və karyera quruculuğu haqqında ətraflı məlumat verilib. Daha sonra iştirakçılar əldə etdikləri mövzu ətrafında qrup işlərində iştirak ediblər.