REGİONLAR


Kəndli öz təsərrüfatında fəhlə deyil, sahibkar olmağı bacarmalıdır

A+ A

Bakı, 4 avqust, AZƏRTAC

Kəndli öz torpağında, fermasında fəhlə deyil, sahibkar olmağı bacarmalıdır.

Bunu AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin şöbə müdiri Orxan Mikayıl deyib.

Şöbə müdiri Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə icra edilən layihə çərçivəsində yaradılmış “Proqress” heyvandarlıq-südçülük kooperativinin intensiv heyvandarlıq sahəsində ilk pilot kooperativ olduğunu qeyd edib. O, bu təcrübənin həm kəndlilər, həm də nazirlik üçün faydalı olduğunu bildirib.

“Ətlik-südlük istiqamətli müasir ailə-fermer təsərrüfatlarının yaradılması” mikrokredit layihəsi 2015-ci ildə fəaliyyətə başlayıb. Layihə çərçivəsində 3 rayonda – Ağcabədi, Bərdə və İmişlidə 69 ailə təsərrüfatına lizinq yolu ilə güzəştli şərtlərlə cins mal-qara verilib. Həmçinin bu təsərrüfatlar güzəştli kredit hesabına intensiv heyvandarlığın inkişafı üçün müasir tipli tövlə, lazımi süd sağımı və yem aqreqatları ilə təmin ediliblər. Avstriya və Almaniyadan gətirilmiş heyvanlar bu il bala verməyə başladıqdan sonra hər 3 rayonda ümumi həcmi 5 ton olmaqla, südtoplama məntəqələri yaradılıb.

Layihənin icraçısı olan Orxan Mikayılın sözlərinə görə, kooperativin təcrübəsi göstərir ki, fermerlər güclərini birləşdirib, tək fəaliyyət göstərən kəndli üçün mürəkkəb məsələləri asanlıqla birlikdə həll edə bilərlər: “Əkin sahələrinin birləşdirilməsini buna misal göstərmək olar. Əkin-biçin texnikasının məşğul vaxtında 2-3 hektarlıq sahəyə könülsüz girən texnika sahibi böyük sahələrə qarşı eyni münasibəti göstərmir. Birləşdirilmiş sahələrdə zərərvericilərə qarşı mübarizə tədbirləri də səmərəli olur. Məsələn, bir təsərrüfat tarlanı gəmiricidən təmizləyir, amma qonşusu eyni işi görmürsə, bunun heç bir faydası yoxdur".

“Proqress” kooperativinin təcrübəsi birgə fəaliyyətdə satış kanalı tapmağın da xeyli asanlaşdığını göstərir. “Gün ərzində 15 ton süd çənini dolduran kooperativin alıcı tapma imkanı ilə maksimum 240 litr süd yığan fermerin alıcı tapma imkanını müqayisə etsək, özümüz buna əmin olarıq” deyə, – ilk pilot kənd təsərrüfatı kooperativinin kuratoru deyib.

Kooperativ baytar, marketoloq, logistika-daşıma xidmətlərindən birgə istifadə etməkdən başqa, hətta birgə istehsal da yarada bilər.

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Azərbaycan kəndlisinin kapitalizmə alışmalı olduğunu əlavə edib: “Fermer özünü sahibkar kimi hiss etməyi bacarmalıdır. Anlamalıdır ki, ondan öz torpağında, fermasında fəhlə olmaq deyil, sahibkar olmaq tələb olunur. Təəssüf ki, belə kooperativdə birləşdikdə, icma maraqlarına zərər vuran fermerlərdən də qorunmaq vacibdir. Təsəvvür edin ki, heyvanını qayda-qanunla, bütün yem tələblərinə riayət etməklə bəsləyən kəndlinin gətirdiyi 3,8-4 faiz yağlı süd, məsuliyyətsiz, südün üzünü yığan və ya ona su qatan digər birinin gətirdiyi süd ilə eyni - ümumi çənə tökülməli olur. Nəticədə isə icma yuxarı qiymətə yağlı süd almaq istəyən istehsalçıya südünü sata bilmir. Kooperativləşməyə gedən insan icma maraqlarını qorumağı bacarmalıdır. Kooperativin fəaliyyətində birgə maraqları güdərək iştirak etməlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.