REGİONLAR
Kəngərli rayonunda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub
Kəngərli, 17 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə rayon mədəniyyət və turizm şöbəsinin müdiri Məhərrəm Əliyev, rayon tarix-diyarşünaslıq muzeyinin fond mühafizi Şəhanə Cəfərova və Şahtaxtinskilər Muzeyinin direktoru Ramiz Şükürovun çıxışları olub.
Bildirilib ki, Kəngərli rayonunun ərazisində çoxsaylı tarixi, memarlıq və arxeoloji abidələr var. Bunlardan 86-ı pasportlaşdırılıb, 9-u isə dünya əhəmiyyətli tarixi abidələr siyahısına daxil edilib. Dünya əhəmiyyətli abidələr siyahısına daxil olan Qarabağlar Türbə Kompleksində hazırda bərpa işləri aparılır. Abidənin bərpası ilə əlaqədar Ali Məclisin Sədri sərəncam imzalayıb, elmi-tədqiqat qrupu yaradılıb.
Tədbirdə rayon mədəniyyət və turizm şöbəsinin “Kəngər” instrumental ansamblının ifasında xalq mahnıları da ifa edilib.
Sonda isə tədbir iştirakçıları Şahtaxtinskilər Muzeyi ilə tanış olublar.